• Bakı 11° C

    12.48 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

Bakını tıxacdan necə çıxaraq? - Mərhələli HƏLL PLANI

CƏMİYYƏT

13 Fevral 2026 | 09:38

Bakını tıxacdan necə çıxaraq? - Mərhələli HƏLL PLANI

Bakı və digər böyük şəhərlərdə son illər artan avtomobil sayı, parklanma problemləri, ictimai nəqliyyatda sıxlıq və hava çirklənməsi urbanizasiya prosesinin yaratdığı əsas sosial narazılıqlardandır. Mövcud infrastruktur bu yükü daşımaqda çətinlik çəkdiyindən, şəhər həyatının rahatlığını və davamlılığını təmin etmək üçün alternativ nəqliyyat modellərinin tətbiqi zəruri görünür.

Bu baxımdan, müxtəlif innovativ və ekoloji nəqliyyat həlləri gündəmə gətirilə bilər.

Şəhər infrastrukturunu yüngülləşdirmək üçün hansı alternativ nəqliyyat modelləri tətbiq oluna bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, ilk növbədə tikinti özbaşınalığına son qoyulmalıdır. Onun sözlərinə görə, bu gün təəssüf ki, tikinti özbaşınalığı səbəbindən piyada səkiləri, avtomobil yolları və parklanma yerləri zəbt olunur, həmin ərazilərdə müxtəlif obyektlərin tikintisi aparılır:

“Bütün bunlar Bakı şəhərinin yol infrastrukturuna mənfi təsir göstərir və nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradır. Yəni, yol yoxdursa, nəqliyyat da olmur. Yolların və ümumi infrastrukturun lazımi səviyyədə olması həm sıxlığın, həm də yaranan problemlərin böyüməsinin qarşısını alır. Birinci mərhələdə məhz bu məsələyə diqqət yetirilməlidir".

Müsahibimiz qeyd edib ki, daha sonra mərhələli şəkildə ictimai nəqliyyatın şaxələndirilməsi vacibdir və bu proses artıq gedir:

"Tramvay xətlərinin çəkilməsi gündəmdədir. Bununla yanaşı, avtobus parkının genişləndirilməsi, həm dövlət, həm də özəl daşıyıcılar tərəfindən avtobus sayının artırılması istiqamətində işlər aparılır. Metro sahəsində də yeni depoların və stansiyaların inşası davam etdirilir. Taksi sektorunda islahatlar həyata keçirilir".

Eldəniz Cəfərov: Bakıda şəhərsalma ilə bağlı nöqsanlar da bu problemlərin yaranmasına səbəb olur

E.Cəfərova görə, burada əsas məsələ yol infrastrukturunun təkmilləşdirilməsidir:

"Bakıda şəhərsalma ilə bağlı nöqsanlar da bu problemlərin yaranmasına səbəb olur. Belə ki, yeni salınan qəsəbələrdə və yaşayış məntəqələrində bir neçə bina tikildikdən sonra nəqliyyatın həmin əraziyə rahat daxil olması üçün yolun çəkilməsi ən son mərhələyə saxlanılır. Hətta bəzi yaşayış komplekslərində parklanma yerləri belə nəzərdə tutulmur".

Həmsöhbətimiz onu da əlavə edib ki, parklanma yerlərinin təşkili tikinti şirkətlərinə qoyulan məcburi tələb olmasına baxmayaraq, bu qaydaya tez-tez əməl edilmir:

"Nəticədə vətəndaşların parklanma problemi yaranır. Dövlət öz balansında olan avtomobil yollarında “ParkNet” vasitəsilə park yerləri təşkil etsə də, yaşayış binalarında parklanma yerini binanın sahibkarı, iş yerlərində isə rəhbərlik təmin etməlidir. Bu elementar qaydalara əməl olunsa, nə sıxlıq yaranar, nə də bu cür problemlər ortaya çıxar".

Əli Hüseynov


SON XƏBƏRLƏR

12 Fevral 2026