• Bakı 15° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Bayramovla Mirzoyanın Almatı görüşü nə vəd edir?

SİYASƏT

29 Aprel 2024 | 16:10

Bayramovla Mirzoyanın Almatı görüşü nə vəd edir?

Sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcəklər.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı deyib. Dövlətimizin başçısı bildirib ki, delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanması da müsbət bir addımdır.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi də Qazaxıstanda görüş olacağını, ancaq hələlik görüş vaxtının müəyyən edilmədiyini vurğulamışdı. Bəzi ekspertlərə görə, təmasların həm Azərbaycana, həm də Ermənistana yaxın münasibətdə olan Qazaxıstanda davam etdirilməsi prosesin nisbətən irəliləməsinə töhfə verər bilər. Ən azından bir sıra məqamların daha detallı və ətraflı müzakirəsi mümkün olar.

Politoloq Həşim Səhrablı Bakıvaxtı.az-a açıqlamasında deyib ki, belə görüşlər ilk deyil və şübhəsiz ki, son təmaslar da olmayacaq.

Ekspert vurğulayıb ki, proses yeni başlayıb və danışıqlar hələ davam edəcək:

"Bundan öncə də istər XİN başçıları, istərsə də dövlət başçıları səviyyəsində müxtəlif formatlarda görüşlər keçirilib. Əlbəttə, 44 günlük Vətən müharibəsinədək bu görüşlər formal xarakter daşıyırdı. Ermənistan öz havadarlarından aldığı dəstəklə sahədə qazandığı defakto üstünlüyü qorumaq üçün masa başına gəlirdi. Ancaq prosesin gedişində görürdük ki, erməni tərəfi müxtəlif bəhanələrlə prosesi pozurdu. Azərbaycan tərəfi müharibədən öncə beynəlxalq hüquqa, BMT nizamnaməsinə uyğun olaraq problemin həll edilməsinə çalışırdı. Hətta İrəvan müəyyən güzəştlərin verilməsi də səslənirdi. Lakin 2020-ci ilin sentyabr ayında bizə başqa yol qoyulmadı və müharibə başladı. Diplomatiya arxa plana keçdi. Nəticədə həm de-yure, həm də de-fakto proses Azərbaycanın xeyrinə dəyişdi”.

Onun sözlərinə görə, indiki proseslər də məhz həmin dəyişikliklərdən qaynaqlanır. Azərbaycan masa arxasına de-yure və de-fakto üstünlüklərlə oturur. Analitik qeyd edib ki, Ermənistan tərəfi də artıq zərurətdən şərtlərə əməl etməyə, beynəlxalq sistemin tələblərini görməyə başlayır: “Qazaxın 4 kəndinin qaytarılması barədə razılığın əldə edilməsi də bunun göstəricisidir. Bəs Qazaxıstanda planlaşdırılan görüş bizə nə vəd edir? Prosesin gedişatında irəliləyişin əldə olunması gözləniləndir. Sülh prosesi istiqamətində daha konkret danışıqların şahidi ola bilərik. Düzdür, konkret nəticələrin əldə edilməsindən söhbət getmir. Amma görüşlərin intensiv hal alması perspektivdə sülhə zəmin hazırlanması baxımından faydalıdır".

H.Səhrablı bildirib ki, Ermənistanın yeni havadarlarının İrəvana hansı mesajlar verəcəyi önəmlidir:

"Bunu bilmədiyimiz üçün dəqiq fikir söyləmək qeyri-mümkündür. Bir zamanlar Ermənistan həm Rusiyadan, həm Qərbdən paralel şəkildə dəstək alırdı və öz istəklərini diktə etməyə çalışırdı. Paşinyanın tamamilə Qərbyönlü siyasət aparması fonunda Ermənistan tərəfi Rusiyanın dəstəyini əhəmiyyətli dərəcədə itirib. Azərbaycan ən azından Moskvanın tərəfsizliyinə nail ola bilib. Ancaq Qərbin İrəvandan tələb və istəklərinin nə olacağı mühüm məqamdır. Xüsusən Makron Fransası Azərbaycana qarşı Ermənistandan maksimum istifadə etmək niyyətindədir. Ona görə də Ermənistanın Mirzoyan timsalında prosesi ləngitməyə çalışacağı ehtimalı da gözardı edilmir. Şübhə yox ki, XİN başçısı Ceyhun Bayramov İrəvan hökumətinin bütün iddialarını yerindəcə cavablandıracaq".

Həşim Səhrablı, politoloq

H.Səhrablı əlavə edib ki, heç bir sənəd və xəritə Azərbaycanın hüquqlarını tam şəkildə təmin etmir:

"Yaxşı olardı ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikası və 1918-ci ildə yaradılmış Arorat Respublikası öz sərhədlərinə qayıtsınlar. Rus işğalından əvvəl hansı dövlətin sərhədi harada idisə, könül istərdi ki, sərhədlərimiz həmin xətt üzrə formalaşdırılsın. Əmin olun ki, indiki dövrdə neytral qalmağa çalışan Rusiya belə sərhədlərin və hüquqların ədalətli bərpasına ikili standartlardan yanaşacaq və Ermənistanı müdafiə edəcəklər".

Aydın Baxış


SON XƏBƏRLƏR