Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanda səfərdədir.
Bakıvaxtı.az xəbər verir ki, Belarus prezidenti ilə Azərbaycan dövlət başçısı İlham Əliyev arasında geniş tərkibdə görüş keçirilib. Nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə görüş də olub. Danışıqların nəticəsi olaraq ikitərəfli sənədlər paketi imzalanıb.
Bununla yanaşı, Aleksandr Lukaşenko və İlham Əliyevin beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”ya da baş çəkəcəkləri gözlənilir.
Politoloq Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında vurğulayıb ki, Belarus prezidentinin hazırda səfər edə biləcəyi ölkələrin sayı o qədər çox deyil.
Ekspert vurğulayıb ki, əksər Qərb ölkəsi Rusiya-Ukrayna müharibəsində Moskvaya verdiyi birmənalı dəstəyə görə, Minskə sanksiyalar tətbiq ediblər:
"Avropa İttifaqı Belarusa embarqo tətbiq edir. ABŞ və NATO ölkələrinin də Minskə baxışı fərqli deyil. Ona görə də Belarusun əməkdaşlıq etdiyi ölkələrin sayı azdır. Lukaşenko müəyyən Şərq ölkələrinə və MDB məkanındakı dövlətlərə səfərlər edə bilir. Elə Belarusun iqtisadi əməkdaşlıq etdiyi ölkələr də məhz Şərq, Asiya ölkələri, MDB dövlətləridir. Həmçinin, Latın Amerikası və Afrika ölkələri ilə də əlaqələr mövcuddur. O baxımdan Lukaşenkonun Azərbaycana səfəri, sənədlərin imzalanması təbiidir”.
Onun sözlərinə görə, Azərbaycan MDB ölkələri arasında Belarusla xüsusi əlaqələrə malik dövlətlər sırasındadır. Belarus Azərbaycana kənd təsərrüfatı məhsulları və texnikası ixrac edir. Azərbaycandan müəyyən enerji daşıyıcıları alır. Eyni zamanda ortaq layihələr mövcuddur:
“Həmçinin, Azərbaycandan Rusiya ərazisi ilə Avropaya mallar Belarusdan keçir və s. Yəni Azərbaycan Belarus üçün kifayət qədər əhəmiyyətli ölkədir. Təsadüfi deyil ki, Belarusun xarici borca ehtiyacı yarandığı halda bir çox ölkələr, hətta Rusiya bundan imtina etdiyi halda Azərbaycan bu məsələdə Belarusa dəstək olur. Minsk bunları unutmur".
Həmsöhbətimiz vurğulayıb ki, Avrasiya məkanında iqtisadi vəziyyətlər yanaşı, görüşlərdə Azərbaycan-Ermənistan sülh prosesinin müzakirə olunacağı da şübhəsizdir:
"Bir çox hallarda Belarus prezidenti vasitəçi kimi çıxış edir. Nəzərə alaq ki, Belarus Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı kimi qurumlarda təmsil olunur. Qazaxıstan və Ermənistan, o cümlədən Azərbaycan arasında vasitəçilik edir. Bu məqamlarla bağlı da ortaq mesajlar verilə, müzakirələr aparıla bilər”.

Turab Rzayev: Azərbaycan MDB ölkələri arasında Belarusla xüsusi əlaqələrə malik dövlətlər sırasındadır
Eyni zamanda Belarus Azərbaycanla bir çox beynəlxalq qurumlarda təmsil olunurlar. Beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək məsələsi də müzakirə mövzusudur. Əksər platformalarda Azərbaycan Belarusu, yaxud əksinə Belarus Azərbaycanı müdafiə edir:
“Ancaq bir şeyi unutmaq olmaz ki, hazırda hansısa beynəlxalq platformada sırf Belarusu və onun əsas müttəfiqi Rusiyanı birmənalı müdafiə etmir. Yəni sırf Belarusun istədiyi formada Moskvanın siyasətini müdafiə etmirik. Bizim öz siyasi-iqtisadi hədəflərimiz var. Azərbaycan öz müstəqil duruşunu saxlayır, həm Rusiya, Belarus, həm də Qərblə əməkdaşlığını davam etdirir".
Aydın Baxış









jpg-1718435599.webp)






