Azərbaycan uçuşların təhlükəsizliyinə effektiv nəzarət sisteminin yaradılmasındakı nailiyyətlərinə görə təltif edilib.
Bakıvaxtı.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Kanadanın Monreal şəhərindəki mənzil-qərargahında qurumun Assambleyasının 42-ci sessiyası keçirilir. 181 ölkə və 53 beynəlxalq təşkilatdan 2 639 nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı nazirlik yanında Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti təmsil edir.
Sessiyanın açılış gününün plenar iclasında Azərbaycan uçuşların təhlükəsizliyinə effektiv nəzarət sisteminin yaradılması, ICAO Standartlarının və tövsiyə olunan təcrübələrin həyata keçirilməsindəki nailiyyətlərinə görə ICAO Şurası prezidentinin "Yüksək nailiyyətlərə görə şəhadətnamə"si ilə təltif edilib.
ICAO Assambleyasının sessiyası dövlətlərin yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə üç ildən bir keçirilir. Assambleya ICAO Şurası ilə yanaşı, idarəedici orqandır, görülmüş işlərin təhlili, təşkilatın siyasətinin müəyyənləşdirilməsi və büdcənin təsdiq edilməsi üçün toplanır. Builki sessiyanın proqramına ICAO-nun son üç ildə fəaliyyəti barədə hesabatın müzakirəsi; ICAO Şurasına seçkilər; mülki aviasiyanın müxtəlif sahələrinə dair komitə və komissiyaların hesabatlarının müzakirəsi; təşkilatın maliyyə fəaliyyəti və növbəti illərin büdcəsinə baxılması məsələləri daxildir.
Sessiya zamanı Azərbaycan nümayəndə heyətinin ikitərəfli görüşləri planlaşdırılır.