• Bakı 24° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Bişkek sammiti ŞƏT-in yeni mərhələyə keçdiyini göstərdi - TƏHLİL 

SİYASƏT

01 Sentyabr 2026 | 13:30

Bişkek sammiti ŞƏT-in yeni mərhələyə keçdiyini göstərdi - TƏHLİL

Şanxay Əməkdaşlıq Təşkilatı 15 iyun 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən yaradılıb. İlkin mərhələdə təşkilatın əsas məqsədi sərhəd təhlükəsizliyinin təmin edilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və “üç şər qüvvə” adlandırılan terrorizm, separatizm və ekstremizmlə birgə mübarizə aparılması idi. Hindistan, Pakistan, İran və Belarusun üzvlüyə qəbulundan sonra isə ŞƏT coğrafi və siyasi baxımdan daha geniş təsir imkanları əldə edib. Bu gün təşkilat Avrasiyanın böyük hissəsini əhatə edən çoxtərəfli əməkdaşlıq platforması kimi çıxış edir.

Bişkekdə keçirilən və ŞƏT-in 25 illiyinə təsadüf edən sammit təşkilatın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. “ŞƏT-in 25 ili: dayanıqlı sülh, inkişaf və rifah naminə birlikdə” şüarı altında keçirilən toplantıda regional təhlükəsizliklə yanaşı, ticarət, enerji, nəqliyyat-logistika, rəqəmsallaşma, ekologiya və humanitar əməkdaşlıq məsələləri də müzakirə olunub. Bu gündəlik göstərir ki, ŞƏT artıq fəaliyyətini yalnız təhlükəsizlik sahəsi ilə məhdudlaşdırmaq istəmir. Təşkilat tədricən iqtisadi və institusional əməkdaşlıq mexanizmləri yaradan daha geniş regional mərkəzə çevrilməyə çalışır.

Sammitin əsas siyasi sənədi ŞƏT-in 25 illiyinə həsr olunan Bişkek Bəyannaməsi olub. Bəyannamədə üzv dövlətlərin beynəlxalq və regional proseslərə ümumi yanaşmaları, çoxqütblü dünya nizamının dəstəklənməsi, BMT-nin aparıcı rolunun qorunması və dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməzliyi kimi prinsiplər əksini tapıb. Toplantının yekununda ümumilikdə 28 sənəd qəbul edilib. Bu sənədlər ŞƏT-in siyasi bəyanatlar səviyyəsindən daha konkret və praktik əməkdaşlıq mərhələsinə keçmək niyyətini nümayiş etdirir.

Qəbul olunan sənədlər sırasında ŞƏT-in Təhdid və Çağırışlara Qarşı Universal Mərkəzinin fəaliyyətinə dair müddəalar, Antinarkotik Mərkəzinin İcraiyyə Komitəsi haqqında əsasnamə və nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə çoxtərəfli tərəfdaşlıq bəyanatı xüsusi diqqət çəkir. Lahor şəhərinin 2026–2027-ci illər üçün təşkilatın turizm və mədəniyyət paytaxtı elan edilməsi də humanitar əlaqələrin genişləndirilməsinə verilən önəmi göstərir. Beləliklə, sammitdə həm sərt təhlükəsizlik məsələləri, həm də iqtisadi və mədəni inteqrasiyanı təşviq edən qərarlar qəbul olunub. 

Azərbaycan 2016-cı ildə ŞƏT-in dialoq tərəfdaşı olub, 2025-ci ildə statusların yenidən təşkilindən sonra isə “ŞƏT tərəfdaşı” statusu əldə edib. Azərbaycanın təşkilat üçün əsas üstünlüklərindən biri onun Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsidir. Bakı limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası və gələcək regional kommunikasiya layihələri ŞƏT ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirə bilər. Buna görə də Azərbaycanın təşkilatla əməkdaşlığı yalnız siyasi deyil, həm də ciddi iqtisadi və logistika məzmununa malikdir.

Bişkek sammitinin nəticələri ŞƏT-in Qərb strukturlarına qarşı klassik hərbi-siyasi blok yaratmaqdan daha çox, Avrasiyada alternativ əməkdaşlıq və koordinasiya mərkəzi formalaşdırmağa çalışdığını göstərir. Bununla belə, üzv dövlətlərin fərqli xarici siyasət maraqları təşkilat daxilində tam siyasi həmrəyliyin yaranmasını çətinləşdirir. Azərbaycan isə bu platformada hər hansı geosiyasi qarşıdurmanın tərəfinə çevrilmədən nəqliyyat, enerji, təhlükəsizlik və ticarət imkanlarını ön plana çıxara bilər. Bu yanaşma Bakının çoxvektorlu xarici siyasətinə və “orta güc dövləti” kimi mövqeyini gücləndirmək strategiyasına uyğundur.

Züriyə Qarayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Avqust 2026