Ermənistan İstintaq Komitəsi 2020-ci il 44 günlük müharibə nəticəsində 3833 nəfərin həlak olduğunu, onlardan 3755-nin hərbçi, 78-nin isə mülki şəxs olduğunu bildirib. 191 nəfərin harada olduğu məlum deyil, onlardan 172-si hərbçi, 19-u isə mülki şəxsdir. Lakin İstintaq Komitəsi itkin düşmüş və ölənlərin adlarını, doğum tarixlərini, eləcə də DNT analizindən keçən və müəyyən edilmiş cəsədlərin sayını açıqlamaqdan imtina edib.
Bəs görəsən, bu imtinanın səbəbi nədir? Ola bilərmi ki, Ermənistan itkilərin sayını olduğundan az göstərir?
Mövzu ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən politoloq Xəqani Cəfərli bildirib ki, Ermənistan hakimiyyətinin itkin düşmüş və ölənlərin adlarını, doğum tarixlərini, eləcə də DNT analizindən keçən və müəyyən edilmiş cəsədlərin sayını açıqlamaqdan imtina etməsinin Paşinyan hakimiyyəti ilə əlaqəsi ola bilər.
Onun sözlərinə görə, Ermənistan kimi kiçik ölkədə itkilərin sayını olduğundan az göstərmək çox çətindir. Xüsusilə sosial medianın mövcudluğu şəraitində hər hansısa bir hadisə ilə bağlı informasiyanı uzun müddət gizli saxlamaq mümkün deyil:
"Ukraynada ölən Rusiya əsgərlərinin kimliyi ilə bağlı məlumatların internet resursları tərəfindən dəqiqləşdirilmiş şəkildə, adbaad yayılması da bu qənaəti təsdiq edir. Halbuki, Rusiyanın ərazisi Ermənistanın ərazisindən təxminən 600 dəfə böyük olduğunu nəzərə alanda kiçik Ermənistanda itkilərin sayını gizlətməyin mümkün ola biləcəyi ehtimalı demək olar ki, yoxdur. Əlbəttə, bir neçə nəfərlə bağlı məlumatları gizlətmək mümkündür. Ancaq yüzlərlə, minlərlə itkini gizlətmək mümkün deyil".
Xəqani Cəfərli: Yüzlərlə, minlərlə itkini gizlətmək mümkün deyil
Politoloq hesab edir ki, Ermənsitan hakimiyyətinin itkin düşmüş və ölənlərin adlarını, doğum tarixlərini, eləcə də DNT analizindən keçən və müəyyən edilmiş cəsədlərin sayını açıqlamaqdan imtina etməsi fonunda hansısa həssas məlumatlar Paşinyan hakimiyyətini belə bir addım atmağa vadar edə bilər.
"Elə bir həssas məqam ola bilər ki, bu, Ermənistanda narazılıq dalğası yarada və yaxud da İrəvanın beynəlxalq aləmdə mövqeyinə təsir edə bilər", - deyə Xəqani Cəfərli əlavə edib.
Gülşən Şərif
















