• Bakı 16° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

BMTM-in İran səfəri: İkitərəfli münasibətlər və regional proseslər müzakirə olunub

SİYASƏT

20 Noyabr 2025 | 13:53

BMTM-in İran səfəri: İkitərəfli münasibətlər və regional proseslər müzakirə olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) nümayəndə heyəti İran İslam Respublikasına səfəri çərçivəsində bir sıra əhəmiyyətli görüşlər keçirib.

Bu barədə Bakıvaxtı.az-a BMTM-dən bildirilib.

Qeyd edilib ki, ilk görüş noyabrın 18-də İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində (IPIS) baş tutub. Yerli ekspertlərlə aparılan müzakirələr zamanı Azərbaycan-İran münasibətlərinin müxtəlif istiqamətləri, həmçinin regional gündəmin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda nümayəndə heyətinə xatirə hədiyyəsi təqdim olunub.

Daha sonra BMTM nümayəndələri İran Xarici İşlər Nazirliyinin sənədlər arxivi və təşkil edilən sərgi ilə tanış olublar.

Səfərin ilk günü növbəti görüş İran Xarici İşlər Nazirliyinin diplomat kadrların hazırlanması ilə məşğul olan Beynəlxalq Münasibətlər Məktəbində keçirilib. Tədris müəssisəsinin heyəti ilə görüş zamanı Məktəbin tarixi və fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib, Azərbaycan-İran münasibətlərinin müxtəlif aspektləri ətrafında müzakirələr aparılıb. Bununla yanaşı, BMTM ilə Beynəlxalq Münasibətlər Məktəbi arasında akademik və tədqiqat sahələrində əməkdaşlıq imkanları müzakirə olunub, bir sıra konkret təkliflər irəli sürülüb.

Səfərin ikinci günü isə Qafqaz Araşdırmaları İnstitutunda seminar keçirilib. Seminarda BMTM İdarə Heyətinin üzvü Cavid Vəliyev Azərbaycanın xarici siyasəti, BMTM-in baş məsləhətçisi Məsiağa Məhəmmədi isə Azərbaycan-İran münasibətləri haqqında məruzə edib. Öz növbəsində Qafqaz Araşdırmaları İnstitutunun İcraçı direktoru Cəfər Xaşe İranın regional siyasəti barədə danışıb. Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Bununla yanaşı, BMTM nümayəndə heyətinin İranın önəmli beyin mərkəzlərindən biri olan və İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayinin rəhbərlik etdiyi İran-Avrasiya Araşdırmaları İnstitutunun (İRAS) əməkdaşları ilə görüşü baş tutub. Görüş zamanı Cənubi Qafqazda gedən proseslər və ikitərəfli əlaqələr ətrafında müzakirələr aparılıb, tərəfləri maraqlandıran suallara cavablar verilib. Həmçinin iki qurum arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Xatırladaq ki, iki ölkə akademik qurumları arasında təmaslarda cari ilin əvvəlindən fəallaşma müşahidə olunur. Belə ki, 2025-ci ilin mayın 6-da BMTM-də “Regional proseslər kontekstində Azərbaycan-İran münasibətləri” mövzusunda keçirilən dəyirmi masa çərçivəsində BMTM ilə İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutu (IPIS) arasında ikitərəfli akademik əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.


SON XƏBƏRLƏR