Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Azərbaycan Respublikası Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiq edilib.
Bakıvaxtı.az xəbər verir ki, yol xəritəsinə görə, cari ilin 1 sentyabr tarixinə qədər borcluya məxsus qiymətli kağızlar üzərində həbs qoyulması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulur.
Eyni zamanda bu ilin 1 dekabr tarixinə qədər “Borcluların reyestri” informasiya sisteminin yaradılması imkanının araşdırılması və təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi planlaşdırılır.
Yol xəritəsində qeyd edilib ki, bu ilin 1 oktyabr tarixinə qədər, borclu şəxsin daşınmaz əmlakının təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara dair aktual məlumatların “Elektron icra” informasiya sisteminə inteqrasiya əsasında tam ötürülməsinin təmin edilməsi, 1 noyabr tarixinə qədər isə borclu şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı olan, icra sənədlərinin icrası üçün əhəmiyyət kəsb edən məlumatların dairəsinin müəyyən edilməsi və “Elektron icra” informasiya sisteminə inteqrasiya əsasında ötürülməsinin təmin edilməsi gözlənilir.