Son günlər Bakıda müşahidə edilən hava şəraiti yaz fəslinə xas olmayan sərinliklə müşayiət olunur. Bir neçə gün öncə 25-30 dərəcə olan hava temperaturu hazırda cəmi 9 dərəcəyə qədər enib. Şəhərdə həmçinin yağış və güclü külək müşahidə olunur.
Bakıvaxtı.az yenisabah-a istinadən xəbər verir ki, sinoptiklər bu vəziyyəti şimaldan gələn soyuq hava axınları və bölgədə aktivləşən atmosfer cəbhələri ilə əlaqələndirirlər: Mütəxəssislər bildirirlər ki, bu cür kəskin hava dəyişikliyi bəzi əhali qrupları üçün risklidir.
Xüsusilə yaşlı insanlar, uşaqlar və xroniki xəstəliyi olan şəxslər bu günlərdə daha ehtiyatlı olmalıdır. Belə hava şəraiti tənəffüs yolları infeksiyalarının, soyuqdəymənin və astma kimi xəstəliklərin artmasına səbəb ola bilər.
Eyni zamanda, hava dəyişiklikləri psixoloji vəziyyətə də təsir göstərə bilər - halsızlıq, yuxusuzluq və əhval dəyişikliyi bu günlərdə çox insanın qarşılaşdığı hallardandır.
Sinoptiklər yaxın günlərdə havanın nisbətən sabitləşəcəyini proqnozlaşdırsalar da, vətəndaşlara isti geyinmək, nəmlənməməyə diqqət etmək və bədənin müqavimətini qorumaq tövsiyə olunur.