Deputat, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Bakıvaxtı.az-ın suallarını cavablandırıb.
- Ötən həftə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bəzi təhsil ekspertlərini qınayıb. O qeyd edib ki, sosial mediada nəsə yazmaqla insan ekspert olmur. Sizcə, Məleykə Abbaszadənin yanaşmasında həqiqət payı nə qədərdir?
- Hesab edirəm ki, dövlət qurumları fəaliyyətlərini elə çevik və operativ qurmalıdırlar ki, media hansısa məlumatı ən qısa vaxtda dəqiqləşdirə bilsin. Dövlət qurumu məlumatı zamanında təqdim edəndə manipulyasiya və yanlışlıqlar olmur. Bəzən dövlət qurumu tərəfindən çevik reaksiya verilməyəndə məsələ böyüyür və müzakirələr artır.
- Jurnalist olaraq dəfələrlə DİM mətbuat xidməti ilə əlaqə saxlamağa cəhdlər etmişəm və bütün cəhdlərim uğurlu olub. Yəni DİM mətbuat xidməti media ilə intensiv işləməyi bacarır…
- DİM məlumatların anında verilməsi istiqamətində addımlar atır. Qeyri-dəqiq məlumatlar və fikirlər o zaman yaranır ki, dövlət qurumları jurnalistlərin sual və sorğularına operativ cavab vermirlər. Belə olan halda media nümayəndəsi məcbur qalıb, sualın cavabını ekspertlərdə axtarırlar. Bəzi ekspertlər isə yanlış şərhlər verirlər. Bunun üçün dövlət qurumları hər hansı məsələ barədə operativ məlumatlar və açıqlamalar verməlidir ki, dezinformasiyalara yer qalmasın.
- Amma bəzən təhsil məsələlərini alver, bazar predmetinə, merkantil maraq elementinə çevirən “ekspertlər”ə rast gəlinir…
- Razıyam ki, yalnız təhsildən bilən insanlar bu sahədən danışmalıdırlar. Hər adam təhsildən danışmalı deyil. Azərbaycanda təhsil eksperti dediyimiz adamları nəzərdən keçirəndə onların hamısını günahlandırmaq olmaz. Təhsili bilənlər də var. Onları cəmiyyət də tanıyır. Təəssüf ki, təhsili bilməyənlər də mövcuddur. Bəzən bəzi təhsil ekspertləri hansısa quruma müraciət edirlər, qurum onların istəyini yerinə yetirirsə, yaxşı qurum kimi dəyərləndirilir, arzu və istəklərini yerinə yetirmirsə, tənqid hədəfinə çevrilir. Bu da sağlam yanaşma deyil.
Ekspert düzə düz əyriyə əyri deməlidir. Onlar şəxsi maraqlardan çıxış etməli deyillər. Ekspert maraq naminə danışanda baxırsan ki, dünən pislədiyi qurumu bu gün tərifləyir. Bu da insanlara qəribə gəlir ki, görən nələr baş verir. Bu məsələ önəmlidir.
- Bu məsələdə çıxış yolunu nədə görürsünüz?
- Dövlət qurumları təhsil ekspertləri ilə sıx işləməlidirlər, onlarla görüşməli, onları dinləməli, hansısa yeni qərarla bağlı izah verməlidir. Qərar qəbul edəndə onun əsl səbəb və mahiyyətini dövlət qurumu bilir və o dövlət qurumu informasiyanı vaxtında açıqlamalıdır. Ekspertlər də bunları zamanında bilməlidirlər ki, yanlış anlaşma və şərh müşahidə olunmasın. Bu məsələ görüşlər və izahatlarla yoluna qoyula bilər. Bir-birimizi ittiham etməklə ciddi nəticəyə nail olmayacağıq, əksinə bu hal prosesə mənfi təsir göstərək. Bununla yanaşı, təhsil ekspertlərimiz maksimum dəqiq məlumatlar verməlidirlər ki, insanları çaşdırıb, anlaşılmazlıq yaratmasınlar.
- Təhsil eksperlətini də imtahana çəkmək olarmı?
- Hər şeyi testlə tənzimləmək çətin məsələdir. Sadəcə dövlət qurumları mediaya tam açıq olsalar, məlumatı zamanında versələr, bu qədər yanlışlıq olmaz. Düzdür, həm Dövlət İmtahan Mərkəzi, həm də Elm və Təhsin Nazirliyi media ilə işləyir, amma daha sıx iş qrafiki və mexanizmi qurmalıdırlar.
Aydın Baxış