Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Bakıvaxtı.az-a müsahibə verib.
Söhbəti təqdim edirik.
- Mayın 28-də Azərbaycan, Türkiyə və Pakistan liderləri Laçında görüşdülər. Bu trionun dünyaya mesajı nədən ibarətdir?
- Pakistan nüvə ölkəsidir. Bu, indiki məqamda çox önəmli məsələdir. Türkiyə də siyasi və iqtisadi baxımdan gündən-günə inkişaf edir. Bu cür dost,qardaş ölkə ilə belə səviyyədə əlaqələr qurmaq Azərbaycan üçün zəruridir.
- Albaniyanın paytaxtı Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutdu. Bu görüşdən sonra yekun sülhlə bağlı loyal bəyanatlar səsləndirilir. Sizcə, “sular durulurmu?”
- İndi top Ermənistandadır. Azərbaycan iki məsələ irəli sürüb. İlk növbədə Ermənistanda konstitusiyanın dəyişdirilməsi məsələsidir. Belə başa düşürəm ki, Ermənistan da bunu anlayır. Artıq elan ediblər ki, gələn il yeni konstitusiya qəbul edəcəklər. Çox güman ki, Azərbaycan torpaqlarına dair iddialar sənəddən çıxarılacaq. Amma Minsk qrupunun ləğvi çətin məsələdir.
- Bunu çətinləşdirən amillər hansılardır?
- Çünki ATƏT-də qərarlar konsensusla qəbul edilir. Sülh sazişi imzalanadan sonra Ermənistan Azərbaycanla bərabər Minsk qrupunun ləğvinə dair müraciət etsə, buna ümid yarana bilər. Amerikanın dövlət katibi Marko Rubio Senatda çıxış edərkən qeyd etdi ki, orada (Qarabağda – red.) münaqşə başlana bilər. Bunu Fransada bəzi siyasi dairələr də səsləndirir. ABŞ və Fransa bildirirlər ki, Minsk qrupunu saxlayaq, çünki münaqişə yenidən başalaya bilər. Bu məsələlər Minsk qrupunun ləğvinə dair ümidləri azaldır. Amma sülh sazişi mütləqdir ki, konstitusiya dəyişikliyindən sonra bağlansın. Çünki Paşinyan bu gün var, sabah yoxdur. Paşinyan gedəndən sonra gələn qüvvələr iddia edə bilərlər ki, bu saziş imzalananda köhnə konstitusiya qüvvədə olub. Ona görə də konstitusiya dəyişikliyinə müyəssər olmaq lazımdır.
- İddialar var ki, Rusiya da Minsk qrupunun ləğvində maraqlı deyil. Bu doğrudurmu?
- Məncə, ABŞ və Fransa razı deyil. Rusiya Lavrov səviyyəsində bir neçə dəfə bəyanat verib ki, Minsk qrupu ləğv oluna bilər. Amma sülh sazişi imzalanandan sonra Ermənistan da Azərbaycanla bərəbər şəkildə nota verməlidir ki, biz sülhə nail olmuşuq və Minsk qrupunun fəaliyyətinə ehtiyac duyulmur.
- Bunu qəbul edəcəklərmi?
- Gərək Rusiya, ABŞ və Fransa ilə məsləhətləşmələr aparılsın.
- Ərdoğan Laçın səfərindən sonra jurnalistlərə açıqlamasında Zəngəzur dəhlizinin açılmasının vacibliyini bildirdi. Sizcə, Türkiyə dəhlizin açılması üçün Ermənistanı “yola gətirə biləcəkmi?”
- Dəhliz gec-tez açılacaq. İki dəhliz var: Araz dəhlizi və Zəngəzur dəhlizi. Zəngəzur dəhlizinin açılmasına maneəni daha çox İran tərəfi törədə bilər. Çünki İran istəyir ki, bütün yüklər onun əraizisindən - Araz dəhlizindən keçsin və bu da onun üçün iqtisadi divident və gəlir deməkdir.
Zəngəzur dəhlizi ilə bağlı Ermənistan rəhbərliyinə bildirmək lazımdır ki, 42 km yol inşa et, sonra Gömrüklə bağlı büdcənə xeyli gəlir gələcək. Belə anlayıram ki, Ermənistan rəhbərliyi daxili proseslərdən ehtiyat edir deyə, prosesi ertələyir. Bir-iki il əvvəl Avropa İttifaqı belə bir bəyanat səsləndirmişdi ki, lazım olsa, o yola sərmayə qoymağa hazırdır. Avropa İttifaqı bunu söylədi və getdi, indi bu dəstəyi ifadə etmir.
- Tiranada Fransa prezidenti Emmanuel Makronun Azərbaycan liderinə yaxınlaşması və müsbət ovqatda ayaqüstü söhbətləşməsi oldu. Sizcə, bundan sonra Fransa-Azərbaycan münasibətlərində həlimləşmə baş verə bilərmi?
- Bu, diplomatik gedişdir. Münasibətlərin yumşalacağına inanmıram. Çünki Makron üçün Fransadakı Ermənistan lobbisi önəmlidir. Şirak, Sarkozi, Oland üçün erməni lobbisi önəmli deyildi. Bütün hallarda bir görüşlə hər şeyin dəyişilməsi real görünmür. Makron bu gün var, sabah yoxdur. Biz Fransa xalqı ilə düşmən deyilik.
Aydın Baxış