Avropa İttifaqının bəzi yüksək səviyyəli rəsmiləri son dövrlərdə “Tramp marşrutu”ndan və Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq perspektivlərindən danışmağa başlayıblar.
Bu təşəbbüs yalnız tranzit və ticarət məsələlərini əhatə etmir, eyni zamanda bölgədə geosiyasi balansın yenidən formalaşması üçün də mühüm əhəmiyyət kəsb edir.
Əgər bu əməkdaşlıq planı reallaşsa, Cənubi Qafqazın iqtisadi və nəqliyyat infrastrukturu əhəmiyyətli dərəcədə güclənə bilər, region ölkələri Avropa ilə Asiya arasında yeni ticarət və enerji dəhlizlərində strateji tərəfdaş kimi önə çıxa bilər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a politoloq Əlimusa İbrahimov bildirib ki, ABŞ ilə yanaşı, Avropa İttifaqı ölkələri də regiona cəlb edilə bilər:
"Marşrutların bir hissəsi təbii olaraq Aİ ölkələrinə çıxış təmin edə bilər. ABŞ-ın fəaliyyətindən əvvəl Avropa İttifaqı bu istiqamətdə müəyyən cəhdlər edirdi. Onlar maraqlı idilər, lakin bu addımlar Ermənistan vasitəsilə – xüsusilə Fransa, Britaniya və digər ölkələr vasitəsilə həyata keçirilirdi. Bu gün də Aİ ölkələrinin müşahidəçilər qrupu regionda fəaliyyət göstərir. Lakin onların istəyi iflasa uğradı, çünki Aİ Azərbaycanı yetərincə nəzərə almırdı".

Əlimusa İbrahimov: Bu hadisəni müsbət bir inkişaf kimi qiymətləndirmək olar
Onun sözlərinə görə, Trampın bu sahədə atdığı addımlar isə Aİ-dən fərqlidir:
"Tramp Azərbaycanı ön plana çəkirdi və əsasən Azərbaycan vasitəsilə yerləşməyi hədəfləyirdi. Tramp dəhlizinin müəyyən hissəsi onun təşəbbüsü ilə reallaşacaq, Azərbaycandan keçən hissələr isə Zəngəzur Dəhlizi olaraq qalacaq. Trampın təşəbbüsü nəticəsində onlar artıq bölgədə yerləşməyə başlayıblar. Bu təşəbbüs Aİ tərəfindən diqqətlə izlənilir və Azərbaycan üçün böyük əhəmiyyət daşıyır".
Həmsöhbətimiz qeyd edib ki, bu gün Avropa ölkələri Azərbaycanla istədikləri səviyyədə dialoq qura bilməyiblər və yaxın gələcəkdə buna çalışacaqlar:
"Onlar Azərbaycanın maraqlarına uyğun hərəkət edəcəklər ki, bu da bütövlükdə Cənubi Qafqazın maraqlarına xidmət edəcək. Beləliklə, bu hadisəni müsbət bir inkişaf kimi qiymətləndirmək olar".
Əli Hüseynov
Bakı 



