Lökbatan qəsəbəsinin “Qobu Park-1” yaşayış massivində baş verən yanğında həlak olanlarlardan ikisi uşaqdır.
Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, partlayışa mənzildəki kombinin partlaması səbəb olub.
Hadisə nəticəsində eyni evdə yaşayan iki məktəbli və onların anası ölüb.
Təxminən 65–70 yaşlarında olan bir kişi isə qonşu evdən kömək etmək üçün içəri daxil olarkən tüstüdən boğularaq həyatını itirib. Onun arxasınca gələn həyat yoldaşının isə tüstüdən zəhərlənərək xəstəxanaya çatdırıldığı bildirilir.
***
10:15
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən 9 mərtəbəli yaşayış binasında dörd nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı bəzi təfərrüatlar məlum olub.
Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, yanğının qazsızmadan baş verdiyi ehtimal edilir.
Məlumata görə, yanğın 7-ci mərtəbədə başlayıb, ölən şəxslər isə binanın 9-cu mərtəbəsində yaşayır. 3 nəfər bir ailənin üzvüdür, digər ölən şəxs isə qonşudur.
Qeyd edək ki, yanğın zamanı ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb, hadisə nəticəsində əmələ gələn tüstüdən 4 nəfər (onlardan 2-si azyaşlıdır) boğularaq ölüb.
Yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb olunub, 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Onlardan 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir, bir nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.
Bakı 



