MDB çərçivəsində sədrlik 2027-ci ildə Özbəkistana, 2028-ci ildə isə Azərbaycana keçəcək.
Bəs Azərbaycanın 2028-ci ildə MDB-yə sədrlik etmək və sammitə ev sahibliyi etmək təşəbbüsü ölkəmizin post-sovet məkanında və regional siyasətdə mövqelərinə necə təsir göstərəcək?
Milli Məclisin deputatı Tahir Rzayev Bakıvaxtı.az-a açıqlamasında bu mövzuya toxunub.
Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyevin Türkmənistanın "Avaza" milli turizm zonasında keçirilən MDB dövlət başçıları şurasının növbəti iclasına qatılması və bir çox tədbirlərdə iştirak etməsi MDB-yə daxil olan dövlətlər arasında münasibətlərin yaxşılaşdırılması və əməkdaşlığın möhkəmləndirilməsi baxımından çox faydalıdır:
"Bu gün dünyada geopolitik vəziyyətin gərginləşdiyi bir vaxtda ölkələr arasında siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi dövlətlərin və xalqların mənafeyinə uyğundur. Bu, həm iqtisadi cəhətdən çox vacibdir, həm də gələcəkdə baş verən münaqişələrin, qarşıdurmaların qarşısının alınması baxımından hər bir dövlət üçün faydalıdır. Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərdə dialoqa önəm verməsi, cənab Prezidentin beynəlxalq səviyyədə əməkdaşlığın möhkəmləndirilməsinə göstərdiyi səylər, əlbəttə ki, Azərbaycanın gələcək inkişafı üçün çox faydalıdır. Çünki bu görüşlərdə və tədbirlərdə dövlət rəhbərləri əldə olan nəticələrə nəzər yetirir, qarşıya qoyulan vəzifələri müzakirə edir, ciddi problemlərə öz münasibətlərini bildirirlər və onların aradan qaldırılması üçün müəyyən tədbirlərin görülməsi nəzərdə tutulur".

Milli Məclisin deputatı Tahir Rzayev
T. Rzayev qeyd edib ki, Azərbaycan Prezidentinin bu gün dünyada çox mühüm və böyük nüfuza malik olduğu, ona ehtiramla yanaşıldığı hər kəsə məlumdur. Bunu cənab İlham Əliyevin xarici ölkələrə səfərləri, həmin ölkələrdə yüksək səviyyədə qarşılanması, ona ehtiram göstərilməsi sübut edir.
"Bu, əlbəttə ki, dövlətimizin rəhbərinin yürütdüyü siyasətdən, onun tutduğu sülh, əmin-amanlıq, təhlükəsizlik yolundan, bəşəri ideallara yüksək dəyər verməsindən qaynaqlanır və real işdə özünü göstərir. Azərbaycanın MDB Dövlət Başçıları Şurasının iclasını təşkil etməyə hazır olması da məhz münasibətlərin yaxşılaşdırılması üçün verilən bir mesajdır. Sözsüz ki, bu sammitə ev sahibliyi etmək, sədr kimi müəyyən məsələlərə münasibət bildirmək ölkəmizə bəslənilən etimadın bir ifadəsi kimi qiymətləndirilməlidir. Çünki bu gün əsas beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycanda keçirilir və Azərbaycan dövləti bu tədbirlərə uğurla ev sahibliyi edir", - deyə müsahibimiz vurğulayıb.
Deputat hesab edir ki, ölkəmizin təşəbbüsü bir tərəfdən Azərbaycanın beynəlxalq aləmdə təbliğ və təşviq olunması, digər tərəfdən bəşəriyyəti düşündürən problemlərə dövlətimizin önəm verməsindən irəli gəlir:
"Sözsüz ki, belə tədbirlərin ölkəmizdə keçirilməsi və Azərbaycanın bu tədbirlərə sədrlik etməsi qiymətləndirilməli və təqdir olunmalıdır. Bu, xalqımızın xeyrinədir, milli mövqelərimizin möhkəmləndirilməsidir və Azərbaycanın bir daha dünyaya təbliğ olunmasıdır".
Gülşən Şərif
















