• Bakı 30° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

Elşad Miri: “Bu cür inanclar şarlatanlıqdan başqa bir şey deyil” - MÜSAHİBƏ

MÜSAHİBƏ

27 May 2025 | 09:09

Elşad Miri: “Bu cür inanclar şarlatanlıqdan başqa bir şey deyil” - MÜSAHİBƏ

Xeyirli evlilik, yaxşı qismət, bol şans... Bunlara nail olmaq üçün dua satılır.

Son zamanlar sosial şəbəkələrdə bu tip elanlar diqqət çəkir.

Dinimizin belə ticarət alətinə çevrilməsi ilə bağlı ilahiyyatçı-alim Elşad Miri Bakıvaxtı.az-ın sorğularını cavablandırıb:

- Bəzi insanlar özlərini “Duası tutan adam” adlandırır və dua satır…

- Ümumiyyətlə, İslam dinində “dua yazmaq” və ya “dua satmaq” kimi anlayışlar yoxdur.

İslamda dua edilər. Dua etməkdə insanın qarşısına qoyduğu bir hədəf, məqsəd olur. Həmin məqsədə çatmaq üçün əlindən gələni edir. Nəticələnməsi üçün isə Allaha dua edir. Dua edərkən insan sadəcə şifahi olaraq istəklərini dilə gətirmir. Dua əməllə edilən bir məsələnin nəticələnməsi üçün nəticəni Allahdan gözləməkdir, vəssalam. Bu baxımdan, duanın qəbul olunması üçün “əgər xeyirlidirsə, həyata keçməsini arzulamaq” daha doğru yanaşmadır.

- Dinin bu cür ticarətə alət edilməsi heç də xoə deyil...

- İslam dinində nə Qurani-Kərimi, nə də onu oxumağı heç bir şəkildə satmaq, ticarətə alət etmək olmaz. Bu qadağa dua üçün də keçərlidir.

Bəzən insanlar nəyinsə həyata keçməsi üçün “nəzir” deyirlər. Məsələn, “Filan işim alınsa, qurban kəsəcəyəm” və s. Bu, bir növ Allaha şərt qoymaq kimi anlaşılır. Yəni, Sən bunu elə, mən də sənin üçün bunu edim. Bu cür yanaşma isə insanın Allahı dərk etməməsinin göstəricisidir.

- Sizcə bəzi insanlar bu cür “xidmətlərə” niyə inanır?

- Elə hallar olur ki, insanlar müəyyən duaların yazılıb verilməsinin daha təsirli olduğuna inanırlar. Təbii ki, bu, insanın Allah təsəvvürü ilə bağlı yanlışlarının nəticəsidir. Sanki dua yalnız yazı halında təqdim olunarsa, qəbul olacaq, amma insanın özünün dua etməsi kifayət deyilmiş kimi düşünürlər. Bu isə, doğru bir məsələ deyil.

- Sosial şəbəkələrdə bu “xidmətlərin” açıq şəkildə təbliği sizcə, nə ilə nəticələnə bilər?

- Bu cür inanclar şarlatanlıqdan başqa bir şey deyil. İnsanların heysiyyatından, dini həssaslığından və yaxud da bu məsələləri bilməməsindən istifadə edən fırıldaqçıların oyunlarıdır. Yəni insanlar bu oyunların alətinə çevrilmiş olurlar.

- Bununla mübarizə aparmaq üçün hansı addımlar atılmalıdır?

- Birinci və ən vacib addım maarifləndirmədir. Yəni Quranı insanlara düzgün çatdıracaq şəxslər Allah inancını düzgün bilsələr, duanın həqiqətən nə ilə əlaqəli olduğunu dərk eləsələr, belə saxta vasitələrə heç vaxt müraciət etməzlər.

Mina Mikayılova


SON XƏBƏRLƏR

29 May 2025