Xəbər verdiyimiz kimi, Mingəçevirdə prezident İlham Əliyevin iştirakı ilə “8 Noyabr” Elektrik Stansiyasının açılışı baş tutdu. Azərbaycan energetikasının tarixində yeni mərhələ kimi dəyərləndirilən bu hadisə ölkənin enerji təhlükəsizliyi, iqtisadi dayanıqlılığı və beynəlxalq mövqeyi baxımından strateji əhəmiyyət daşıyır.
Siyasi şərhçi Züriyə Qarayeva Bakıvaxtı.az-a stansiyanın açılışı, energetika sahəsində dövlət siyasəti və Azərbaycanın regional rolu barədə danışıb.
- Prezident İlham Əliyevin çıxışında Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışının hansı tarixi və siyasi əhəmiyyəti vurğulanırdı?
- Prezidentin nitqində bu stansiyanın açılışı yalnız texniki hadisə kimi deyil, həm də Zəfər Gününün simvolik davamı kimi təqdim olundu. 8 Noyabr – Azərbaycanın Qarabağda qazandığı qələbənin tarixidir və bu adı daşıyan stansiya ölkənin gücünü, bərpaolunan inkişaf kursunu və strateji iradəsini təcəssüm etdirir.
- Ulu Öndər Heydər Əliyevin energetika sahəsindəki siyasəti ilə bu gün arasında hansı ardıcıllıq mövcuddur?
- Heydər Əliyev dövründə Mingəçevirin enerji mərkəzi kimi inkişafı strateji istiqamət seçilmişdi. “Azərbaycan” İES məhz onun təşəbbüsü ilə qurulmuşdu. Bu gün Prezident İlham Əliyev həmin kursu müasir texnologiyalar və beynəlxalq əməkdaşlıqla zənginləşdirərək davam etdirir.
- Yeni stansiyanın texniki göstəriciləri və əhəmiyyəti barədə nə demək olar?
- 1280 meqavatlıq gücə malik olan bu stansiya Azərbaycanın ən iri elektrik istehsalı obyektlərindən biridir. O, daxili bazarın enerji tələbatını ödəməklə yanaşı, ixrac potensialını artıracaq. Eyni zamanda stansiyanın tikintisində İtaliya və Çin şirkətləri iştirak edib ki, bu da beynəlxalq etimadın göstəricisidir.
- Ermənistanın Mingəçeviri müharibə zamanı hədəf alması hansı məqamları ortaya çıxardı?
- Bu fakt Mingəçevirin strateji əhəmiyyətini bir daha sübut etdi. 2020-ci ildə Ermənistan burada yerləşən enerji infrastrukturuna raket zərbələri endirməyə çalışdı. Prezident bu hadisəni xatırladaraq bir daha sübut etdi ki, Azərbaycan bu təhdidlərə qarşı cavab vermək və müasir enerji infrastrukturu yaratmaq gücündədir.
- Azərbaycanın enerji siyasəti beynəlxalq kontekstdə necə qiymətləndirilə bilər?
- Azərbaycan artıq enerji idxalçısı deyil, ixracatçısıdır. Yeni stansiyalar, yaşıl enerji layihələri və COP29-un Bakıda keçirilməsi ölkəmizi regional və qlobal enerji təhlükəsizliyində mühüm aktora çevirir. Prezident İlham Əliyevin siyasəti enerjiyə artan qlobal tələbat fonunda strateji üstünlük qazandırır.
- Son olaraq, bu stansiyanın istifadəyə verilməsi Azərbaycanın sabitliyi və iqtisadi inkişafı baxımından hansı siqnalları verir?
- Bu açılış Azərbaycanın sabitlik adası olaraq inkişaf etdiyini göstərir. Müharibələrin və enerji böhranlarının artdığı bir dövrdə Azərbaycan həm sabit, həm də enerji baxımından etibarlı tərəfdaş olaraq regional liderliyini təsdiqləyir. “8 Noyabr” stansiyası həm texnoloji, həm siyasi, həm də simvolik baxımdan gücümüzün ifadəsidir.
Zülfü Məmmədov