Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Bakıvaxtı.az-a müsahibə verib.
Söhbəti təqdim edirik.
- İran-İsrail müharibəsinə ABŞ də müdaxilə etdi və İranın nüvə obyektlərinə zərbələr endirdi. Sizcə, proseslər hansı həddə qədər inkişaf edə bilər?
- Amerika prezidenti Donald Trampın açıqlamasını oxudum. O qeyd etdi ki, Fordonu dağıtmaq üçün yalnız Amerikada belə texnologiya var, çünki Fordo yerin altındadır, onu yalnız amerikalı pilotlar vura bilərdilər. Görünür, ABŞ bunu İsrailin təkidi ilə həyata keçirib.
İran da İsraili vurmağa davam edəcək. Buna rəğmən hesab edirəm ki, münaqişə Rusiya-Ukrayna müharibəsi qədər davam etməyəcək, 7-10 günə müharibə dayanacaq. İranın nüvə obyektlərini və raketlərini sıradan çıxaracaqlar. Ondan sonra müharibə dayanacaq və danışıqlara başlayacaqlar.
- ABŞ və İsrailin İrandan tələbləri nələrdən ibarətdir?
- Onlar İranı nüvə proqramından imtinaya məcbur edirlər. MAQATE yeni bir arayış elan edib, orada qeyd edib ki, İranda 400 ton uranium var. İran da cavab verdi ki, bu, Rusiyanın Buşehrdə inşa etdiyi nüvə stansiyası üçün nəzərdə tutulub. Ekspertlər isə bildirirlər ki, 400 ton nüvə stansiyası üçün çox böyük rəqəmdir. 400 ton uraniumla 20-25 ədəd bomba hazırlamaq olar. İsrail da bunu təhlil etdi və zaman məhdudiyyətini nəzərə alaraq, onları sıradan çıxarmağı planladı. Bundan sonra İranın Natanz şəhərini və iranlı generalları vurdu ki, əmrlərin verilməsi ləngisin. Belə görünür ki, İran danışıqlara razılaşacaq.
- İran-İsrail müharibəsi10 gündür davam edir, amma Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından (BMT TŞ) bir səs-soraq çıxmayıb…
- Bəli, ən maraqlısı odur ki, BMT TŞ reaksiya verməyib. Rusiya, Pakistan və Çin razılığa gəliblər ki, görüşüb, müzakirə etmək lazımdır. Yəqin Amerika BMT-yə imkan vermir.
BMT-də çox işləri elansız edirlər. Dəhlizdə görüşüb, söhbət edirlər, yəqin amerikalılar bildirirlər ki, qətnamə qəbul olunmasına imkan verməyəcəklər. Baxın, Ukrayna ilə bağlı da danışmırlar, çünki Rusiya veto qoyacağını bildirir. Amma BMT-nin öz marağında olan ölkələr olsa idi, gecə ilə yığışıb qətnamə qəbul edəcəkdilər. Sülhməramlı qoşunları və sanksiya məsələlərini ortaya atacaqdılar.
- Rusiya da ABŞ-nin İrandakı nüvə obyektlərini vurmasını pislədi. Üçüncü dünya müharibəsi başlayıbmı, başlayırmı, başlayacaqmı?
- Bəziləri bildirirlər ki, artıq Üçüncü dünya müharibəsi gedir, amma mən bununla razı deyiləm. Bu, regional konfliktdir. Baxın, İkinci dünya müharibəsində az qala bütün ölkələr- Avstraliya, Yeni Zelndiya, Kanadaya, Avropa, Asiya, Çin və Yaponiya qatılmışdı. Ona görə bunun adını dünya müharibəsi qoydular. Amma indi bunlar regional savaşlardır. Dünyada 46 və 47 regional münaqişə var. Dünya müharibəsinin başlayacağına inanmıram.
- Şimal qonşumuz Rusiya Ukrayna ilə, cənub qonşumuz İran İsraillə savaşdadır. Bu savaşın Azərbaycana vəd etdiyi neqativlər nələrdən ibarət ola bilər?
- Hər müharibə qaçqın və məcburi köçkün ordusu yaradır. Məsələn, Suriyadan olan 3 milyon qaçqın Türkiyəyə üz tutdu. İndi Azərbaycan İranla sərhədi açmayıb. Amma İran-İsrail müharibəsi genişlənərsə, İrandakı Azərbaycan türkləri qaçqın statusunda Ermənistana keçsələr, Ermənistan məsələsi həm iqtisadi, həm də monoetnikliyin pozulması cəhətdən bitəcək. Ermənistan monoetnik ölkədir, ora 1 milyon cənubi azərbaycanlı qaçqın statusunda getsə, monoetniklik pozulur. Üstəgəl, həmin qaçqqınlar Azərbaycan türkləridirlər.
- Həmin qaçqınların Azərbaycana axın etmə ehtimalı varmı?
- Düzdür, biz sərhədləri onlara görə deyil, pandemiyaya görə bağlamışıq, amma bu, çətin prosesdir. Onların axınının qarşısını almaq çətin məsələdir. Beynəlxalq humanitar yanaşma var. Onlar “qapımızı döysələr” geri qaytara bilmərik, amma bu, böyük bir riskdir.
- İran Zəngəzur dəhlizinin açılmasnı istəmir, buna minbir maneə törədir. İndi isə İranın başı özünə qarışıb. Belə bir məqamda biz Zəngəzur dəhlizinin açılması üçün prosesləri sürətləndirə bilərikmi?
- Zəngəzur dəhlizinin açılması İranın Araz dəhlizinin böyük gəlirlər əldə etməsinə əngəl törədir. Ona görə də İran Ermənistana təzyiqlər göstərir ki, Zəngəzur dəhlizini açmayın. Erməniatan 42 kilometr yolun salınması üçün hər hansı bir əməli addım atmır. Buna dair büdcədən pul ayırmağı düşünümür.
Aydın Baxış