• Bakı C

    5.34 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1237

Suriya cəbhəsində ardıcıl hücumlar: təhlükəsizlik balansı yenidən dəyişir

DÜNYA

15 Dekabr 2025 | 17:13

Suriya cəbhəsində ardıcıl hücumlar: təhlükəsizlik balansı yenidən dəyişir

Suriya ərazisində ABŞ-Suriya birgə patruluna və yerli təhlükəsizlik əməkdaşlarına qarşı baş verən ardıcıl hücumlar münaqişə zonasının yenidən qeyri-sabit mərhələyə daxil olduğunu göstərir.

İdlib və Palmira kimi fərqli coğrafiyalarda həyata keçirilən hücumların eyni vaxt kəsiyinə düşməsi təsadüfi deyil. Bu, Suriya daxilində uzun müddətdir gözlənilən, lakin səngiməsi ümid edilən təhlükəsizlik boşluqlarının yenidən dərinləşdiyini ortaya qoyur. ABŞ hərbçilərinin ölümü ilə nəticələnən hadisə regionda xarici qüvvələrin mövcudluğunu həm hərbi, həm də siyasi baxımdan daha həssas vəziyyətə gətirir.

İŞİD-in məsuliyyət daşıdığı açıqlanan bu hücumlar təşkilatın hələ də müəyyən əməliyyat resurslarına, gizli hüceyrələrə və fürsət yaradan mühitlərdən istifadə etmək bacarığına malik olduğunu göstərir. Suriya daxilində müxtəlif qüvvələr arasında balansın pozulması, bəzi bölgələrdə idarəetmə strukturunun zəifləməsi, eləcə də beynəlxalq oyunçular arasında koordinasiyanın məhdud olması terror qruplarının hərəkət imkanlarını artırır. Xüsusilə Palmira və Homs xətti uzun illərdir strateji boşluqların çox olduğu ərazi kimi diqqət çəkdiyindən, hücumların bu zonada cəmlənməsi təsadüfi görüntü yaratmır.

Hadisəyə Suriya rəhbərliyinin göstərdiyi reaksiyada həm diplomatik, həm də praqmatik məqamlar sezilir. Prezident Əhməd əş-Şaraa-nın Donald Trampa başsağlığı verməsi Dəməşqin Vaşinqtonla minimal da olsa siyasi təmas nöqtələrini açıq saxlamaq istədiyini göstərir. ABŞ-nin hücuma cavab olaraq sərt reaksiya anonsu isə bölgədə yeni hərbi əməliyyatların ehtimalını yüksəldir. Vaşinqtonun atacağı hərbi addımlar yalnız İŞİD-in mövqelərinə deyil, dolayısı ilə Suriya daxilindəki digər güc mərkəzlərinə də təsir göstərə bilər və bu, bölgədə yeni balans dəyişikliklərinə yol aça bilər.

Bütün bunlar Suriyada təhlükəsizliyin hələ də kövrək olduğunu və münaqişənin “sakitləşmiş” görüntüsünün çox asanlıqla pozula biləcəyini nümayiş etdirir. Bu hücumlar göstərir ki, Suriya hələ də müxtəlif regional və qlobal aktorların maraqlarının kəsişdiyi, məhdud toqquşmaların isə böyük gərginlik dalğaları yarada biləcəyi çoxqatlı böhran zonasına çevrilib. ABŞ əsgərlərinin hədəfə alınması isə regional riskləri daha da yüksəldir və Suriya məsələsinin yenidən beynəlxalq gündəmin ön sırasına qayıda biləcəyinin xəbərçisidir.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR