Berlin görüşü Ukrayna müharibəsinin növbəti mərhələsinə keçidin baş verdiyini göstərən ən mühüm siyasi siqnallardan biridir.
ABŞ nümayəndə heyətinin - Stiv Witkoff və Jared Kushnerin Zelenskinin rəhbərlik etdiyi komanda ilə uzun və çətin danışıqlar aparması göstərir ki, Vaşinqton artıq müharibənin gedişinə əvvəlki illərdəki kimi açıq çek vermək istəmir. Beş saatdan çox davam edən görüş və danışıqların ertəsi günə keçirilməsi, ABŞ tərəfinin 20 maddəlik plan təqdim etməsi, Zelenskinin komandasının isə bu planı ayrıca qiymətləndirməyə məcbur qalması, prosesin indi daha çox “tələblər və şərtlər” mexanizminə daxil olduğunu göstərir.
ABŞ-nin yeni administrasiyası Ukraynanın siyasi mövqeyini yalnız hərbi yardımın davam etdirilməsi ilə deyil, həm də danışıqlar masasında atacağı addımlarla ölçəcək. ABŞ-nin Kiyevdən istədiyi əsas məsələ müharibəni nəzarətli şəkildə dayandırmaq və Vaşinqtonun hazırladığı sülh konturlarına yaxınlaşmaqdır.
Almaniya kansleri Fridrix Merzin görüşə qatılıb qısa müddət sonra iştirakı ABŞ–Ukrayna heyətlərinə təhvil verib salondan çıxması da diqqət çəkən məqamdır. Bu jest Avropanın prosesdə siyasi çəkisinin azaldığını, əsas qərar vericinin yenidən ABŞ olduğunu göstərir. Avropa ölkələri Ukraynanı birbaşa maliyyələşdirməkdə çətinlik çəkir və bu, Estoniya baş naziri Kaya Kallasın açıqlamasında da özünü göstərir:
“Aİ Ukraynanı eurobondlarla maliyyələşdirə bilməyəcək, yeganə seçim Rusiyanın aktivlərinin müsadirəsidir”.
Bu yanaşma Brüsselin həm ciddi resurs çatışmazlığı yaşadığını, həm də Ukrayna mövzusunda vahid strategiya formalaşdıra bilmədiyini üzə çıxarır. Avropa üçün əsas məqsəd müharibənin regionu daha çox destabilizasiya etməsinin qarşısını almaqdır, lakin ABŞ ilə müqayisədə onların təsir imkanları daha məhduddur.
Bütün bu proseslər fonunda Ukrayna üçün vəziyyət daha mürəkkəb görünür. Bir tərəfdən ABŞ ilə aparılan dialoqun sərt olması, güzəştlər tələb olunması, digər tərəfdən Avropanın maliyyə və siyasi dəstəyinin zəifləməsi Kiyevi seçim qarşısında qoyur. Rusiyanın aktivlərinə münasibətdə Avropa ölkələrinin mübahisəsi, ABŞ-nin isə sülh modelinə çox yaxınlaşmaq istəyi, Kiyevin müharibənin davamı ilə bağlı əvvəlki sərt mövqeyini yumşaltmasına səbəb ola bilər. ABŞ-Ukrayna danışıqlarının Berlin mərhələsinin gündəminə baxanda aydın olur ki, tərəflər artıq müharibənin necə davam edəcəyindən çox, onun hansı şərtlərlə bitə biləcəyini müzakirə edirlər.
Nəticə etibarilə Berlin görüşü həm ABŞ-nin siyasətindəki dəyişikliklərin, həm Avropanın artan təzyiqlərinin, həm də Ukraynanın getdikcə daha məhdud manevr imkanına sahib olduğunun real göstəricisidir. Vaşinqtonun mövqeyi əvvəlki illərdən fərqli olaraq daha praqmatik və daha tələbkardır. Avropa isə maliyyə problemləri və siyasi parçalanma səbəbilə qərarvermə prosesindən arxa plana çəkilir. Bu şərtlər altında Ukraynanın atacağı addımlar müharibənin növbəti fazasını müəyyən edəcək.
Ruslan Zəngəzur
Bakı 



