"Ermənistanda çox ciddi proseslər gedir. Ermənistan hakimiyyəti elə bir görüntü yaratmağa çalışır ki, onlar Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq ev tapşırıqlarını həll etmək niyyətindədir".
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Keçmiş XİN rəhbəri bildirib ki, ancaq çox fəal olan müxalifət və xaricdəki diaspor üç məsələni daim gündəmə saxlayır, təbliğatını aparırlar:
"Məsələn, "ermənilərin Qarabağa qayıtması" mövzsusu müxtəlif beynəlxalq meydanlarda gündəmə daşınır. Digər mövzu odur ki, Bakıda mühakimə olunan cinayətkarları "hərbi əsir" kimi qələmə verməyə çalışırlar. Onların Ermənistana təhvil verilməsinin "zərurətindən" danışırlar. Başqa tərəfdən müxtəlif platformalarda süni şəkildə Qarabağda "mədəni-dini irsin qorunması" məsələsini qabardırlar. Guya bu sahədə hansısa problemlər var. Yəni bir yandan, iqtidar bəyanatlar verir ki, onlar sülh gündəliyinə sadiqdirlər, üzərinə düşəni edirlər və s. Amma digər tərəfdən, iqtidar tərəfindən səsləndirilməyən mövzular müxalifətin, diasporun diliylə gündəmə gətirilir”.
Müsahibimiz qeyd edib ki, vəziyyət mürəkkəbdir. Onun sözlərinə görə, sülh bərqərar olub, ancaq siyasi qarşıdurma, diplomatik mübarizə davam etməkdədir:
“Tərəflər özləri üçün maraq kəsb edən bir neçə mühüm məsələdə yekun qərara, razılığa gəlməyiblər. Zəngəzur dəhlizi, Konstitusiya dəyişikliyi, Qərbi Azərbaycan məsələsi və s. məqamlar yekunlaşmayıb. Siyasi qarşıdurmada nöqtə qoyulmayıb".

Tofiq Zülfüqarov: Ermənistanın öhdəlikləri icra etmədən sülh sazişini imzalaması qeyri-mümkündür
T.Zülfüqarov onu da vurğulayıb ki, Ermənistanda növbədənkənar seçkilərin keçiriləcəyinə ehtimal azdır:
"Çətin ki, Paşinyan öz təbliğatını effektiv saysın və seçkilərə getməyə hazır olsun. Onun mövqeyinə qarşı ciddi müqavimət var. Paşinyan hökuməti çalışır ki, Azərbaycan tərəfi seçkiyədək sülh müqaviləsini imzalasın. Bununla öz hakimiyyətini qorumağa çalışır. İrəvan oyun oynamaqla məşğuldur”.
Sabiq nazir qeyd edib ki, Ermənistanın üzərinə düşən öhdəlikləri icra etmədən sülh sazişini imzalaması qeyri-mümkündür. Dediyinə görə, heç kim qarantiya vermir ki, Ermənistan sülh sazişinin imzalanmasından sonra Zəngəzur dəhlizini açacaq, Konstitusiyanı dəyişəcək və s.
“Ermənistan hökuməti artıq indidən deyir ki, istənilən yolu açmağa hazırdırlar. Alternativ yollar təklif edərək, göstərməyə çalışırlar ki, guya Zəngəzur yoluna ehtiyac yoxdur. Çünki Paşinyan bu məsələdə Moskvanın mövqeyindən ehtiyat edir. Rusiya "Tramp marşrutu"nun Kremlin maraqlarına zidd olduğunu düşünür və bu məsələdə İrəvana təzyiq göstərir". Açıq deməliyik ki, Orta Dəhliz mövzusu Rusiyanın geopolitik maraqlarına ziddir", - deyə Tofiq Zülfüqarov vurğulayıb.
Aydın Baxış
Bakı 



