ABŞ-nin İran siyasətində müşahidə olunan ziddiyyətli yanaşma regionda yeni qeyri-müəyyənlik yaradır. Bir tərəfdən Tehranla ticarət edən ölkələrə qarşı əlavə tariflər və sanksiyalar tətbiq olunur, digər tərəfdən isə mümkün dialoq mesajları verilir.
Bu ikili xətt Vaşinqtonun həm siyasi təsir imkanlarını, həm də regional təhlükəsizlik arxitekturasını yenidən formalaşdırmaq cəhdinin göstəricisi kimi dəyərləndirilir. Mövcud vəziyyət Yaxın Şərqdə güc balansının hansı istiqamətdə dəyişəcəyi və İranın bu təzyiqlərə hansı strateji cavabları verə biləcəyi ilə bağlı sualları aktuallaşdırır.
Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əziz Əlibəyli bildirib ki, ABŞ-nin son dövrdə İranla bağlı verdiyi ziddiyyətli mesajlar regionda güc balansına birbaşa təsir göstərir. Vaşinqton bir tərəfdən dialoqa açıq olduğunu bəyan etsə də, digər tərəfdən sərt sanksiya siyasətini genişləndirir. Xüsusilə 2025-ci ilin fevralından etibarən İranla ticarət edən ölkələrə qarşı 25 faizədək tariflərin tətbiqi bu təzyiqin real göstəricisidir. Bu addım ölkələri seçim qarşısında qoyur: ya ABŞ ilə əməkdaşlıq, ya da İranla iqtisadi əlaqələrin davamı:
"Bu siyasət İran iqtisadiyyatına ciddi zərbə vurur və manevr imkanlarını daha da məhdudlaşdırır. Eyni zamanda, ABŞ rəsmilərinin “danışıqlara açığıq” mesajları fonunda Donald Trampın hərbi variantı da gündəmdə saxlaması Vaşinqtonun çevik, lakin qeyri-müəyyən xətt yürütməsindən xəbər verir. Yəni dialoq qapısı tam bağlanmır, amma sərt təzyiq paralel şəkildə davam etdirilir".

Əziz Əlibəyli: İranın mümkün cavab variantları məhduddur
Politoloqun sözlərinə görə, mövcud vəziyyət regional güc balansına da təsirsiz ötüşmür. İrana yönələn təzyiqlərdən sonra qonşu ölkələrin öz təhlükəsizlik və hərbi potensiallarını gücləndirməyə çalışması ehtimalı artır. Bu kontekstdə Yaxın Şərqdə oyunqurucu aktorlar sırasında Türkiyənin rolu daha da güclənə bilər.
Müsahibimiz sual verir: İran zəifləyib tamamilə sıradan çıxarsa, onun yerini kim dolduracaq - “Hizbullah”, husilər və terror təşkilatları?
Ekspertin fikrincə, İranın mümkün cavab variantları isə məhduddur. Rusiya və Çinlə hərbi-siyasi əməkdaşlıq mövcuddur, lakin bu, ABŞ-yə real balans yarada biləcək səviyyədə deyil:
"Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində müəyyən siyasi jestlər mümkün olsa da, beynəlxalq ticarət və maliyyə sistemi Tehrana geniş manevr imkanı vermir. Nüvə kartından istifadə isə ABŞ-nin onu bir gecəyə sıradan çıxarmasına səbəb oldu".
Zeynəb Rzayeva
Bakı 




