“İranda sülalə nümayəndələrinin hakimiyyətə gəlişi az ehtimal olunandır”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Hazırkı etiraz hadisələrinin mahiyyətinə gəlincə, müsahibimiz düşünür ki, bu hadisələr 1979-cu il inqilabından sonra formalaşmış respublikaçı siyasi elitanın iki qanadı arasındakı mübarizə prosesini tətikləyəcək və ya daha ictimai müstəviyə keçirəcək.
Sabiq XİN başçısı bəyan edib ki, o vaxt Ruhullah Xomeyni mühacirətdən qayıtdıqdan sonra dini elita formalaşdırılaraq idarəetmə sisteminə inteqrasiya edildi:
“Bir neçə il ərzində ardıcıl olaraq ideoloji, güc və iqtisadi institutların dublikatları (paralel strukturları - red) quruldu. Onlar da son bir neçə ildə bütün maliyyə axınlarını tamamilə inhisara aldılar. Bunun nəticəsi olaraq bütün sahələrdə tam üstünlüyü təmin etdilər. Prezidentlik institutu, sahə nazirlikləri, qanunvericilik orqanlarının bir hissəsi və yerli özünüidarəetmə strukturları isə öz səlahiyyətlərini və hakimiyyət imtiyazlarını qoruyub saxlamaq üçün mübarizəni davam etdirirdilər”.

Tofiq Zülfüqarov: Əsas ruhaniləri dünyəvi dövlət hakimiyyətindən uzaqlaşdıracaq konstitusion dəyişikliklərin edilməsidir
T.Zülfüqarov bildirib ki, daxili müxalifət kimi çıxış edən dünyəvi respublikaçı elita küçə etirazlarından istifadə edərək "rəhbər" hakimiyyətinin "sülalə" üsulu ilə ötürülməsi cəhdinin qarşısını almağa çalışır.
“Bu gün əsas məqsəd İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) neytrallaşdırılması və ruhaniləri dünyəvi dövlət hakimiyyətindən uzaqlaşdıracaq gələcək konstitusion dəyişikliklərin edilməsidir”, - deyə Tofiq Zülfüqarov əlavə edib.
Aydın Baxış
Bakı 




