ABŞ prezidenti Donald Tramp Qrenlandiya üzərində maraqlarını açıq şəkildə ifadə edərək bölgəyə dair strategiyasını gücləndirib. Belə ki, Tramp ABŞ ordusuna Qrenlandiyanın ilhaqı ilə bağlı mümkün hərbi ssenarilər hazırlamağı tapşırıb. ABŞ ordusundakı generallar isə Trampın Qrenlandiya ilə bağlı təşəbbüsünü açıq şəkildə "dəli və qanunsuz" adlandırıblar.
Eyni zamanda danimarkalı liderlər bu qərarı "taleyüklü an" adlandırıblar. Qrenlandiya və NATO-nun belə bir addıma qarşı çıxması və bunun NATO-nu təhlükə altına qoya biləcəyi ilə bağlı suala cavabında Tramp bildirib ki, o, prezident olmasaydı, NATO mövcud olmazdı. NATO-nun ABŞ-yə daha çox ehtiyacı var.
Məlumata əsasən, Pentaqondakı bir sıra vəzifəli şəxslər də Trampı daha az radikal variantlara yönəltməyə çalışır.
ABŞ-nin Qrenlandiya üzərindəki iddiaları NATO daxilində strateji balansa necə təsir edə bilər?
Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əslində prezident Donald Tramp ABŞ siyasi elitasının böyük bir təbəqəsinin maraqlarını ifadə edir. Ona görə Qrelandiya məsələsi təkcə Trampın istəkləri deyil, ABŞ-nin hakim siyasi qruplarının marağında olan bir məsələdir:
Onun sözlərinə görə, digər tərəfdən də iri biznes nümayəndələri eyni mövqedə dayanırlar:
"Qrelandiyada kifayət qədər çox təbii minerallar və təbii sərvətlər var. Bu sərvətlərin istifadəsi ilə bağlı müxtəlif planlar mövcuddur. Bu kontekstdə Qrelandiya məsələsi yalnız Trampın maraq dairəsində deyil. Ona görə Avropa İttifaqının üzvlərindən ibarət olan NATO ölkələri də mövcud gedişatdan narazı və narahatdırlar. Tramp bu və ya digər şəkildə digər addımlar atarsa və Qrelandiyanı ələ keçirərsə, bu, əslində NATO daxili bir böhran olacaq. Bu böhranı aradan qaldırmaq isə çox çətin olacaq".

İlqar Vəlizadə: Danimarka Trampın verdiyi siyasi ultimatumu qəbul edərsə, böhrandan çıxmaq mümkün olacaq
İ.Vəlizadə hesab edir ki, NATO rəhbərləri heç bir böhranın olmadığını göstərməyə çalışırlar. Lakin reallıqda artıq ciddi böhran mövcuddur və getdikcə dərinləşir. Bu fonda mövcud böhranın hansı xəttə qədər gedəcəyi gələcək hadisələrdən asılı olacaq.
"Əgər Tramp Qrelandiyanı ələ keçirərsə, bu halda xüsusilə Danimarka ABŞ-yə müharibə elan etməlidir. Təcrübə göstərir ki, hətta çıxılmaz vəziyyətlərdən belə çıxmaq mümkündür. Burada yalnız siyasi istək olmalıdır. Əgər Danimarka Trampın verdiyi siyasi ultimatumu qəbul edərsə, bu halda böhrandan çıxmaq mümkün olacaq. Lakin görünən odur ki, Danimarka bu ultimatumu qəbul etmək istəmir", - deyə İlqar Vəlizadə vurğulayıb.
Gülşən Şərif
Bakı 




