Diet proqramlarının insan orqanizminə təsiri və bunun uzunmüddətli nəticələri ilə bağlı xəbərdarlıqlar edilir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, diet proqramları insanın bioloji sisteminə yüz faiz təsir edir. Mütəxəssis bildirib ki, diet saxlamaq asan proses deyil, çünki insan özünü məhdudlaşdırır və bu da daxili psixoloji mübarizəyə səbəb olur. Bu vəziyyət orqanizm üçün ciddi stress hesab olunur.
Emin Məmmədov qeyd edib ki, diet saxlayan insanlarda əsəbilik, həssaslıq və emosional gərginlik daha çox müşahidə olunur. Bunun əsas səbəbi qanda şəkərin azalması, kortizol hormonunun artması və hormonal balansın dəyişməsidir. Nəticədə insanın əhval-ruhiyyəsi, enerjisi və gündəlik funksionallığı zəifləyir.
Mütəxəssis-ekspert vurğulayıb ki, peşəkar dietoloqlar bu riski nəzərə alaraq diet proqramlarını mərhələli və yüngül keçidlərlə tərtib edirlər. Bu zaman orqanizm stresi kəskin şəkildə hiss etmir və nəticələr daha uğurlu olur.
O əlavə edib ki, ən təhlükəli hallardan biri daimi diet saxlayan insanlardır. Bir neçə ay diet saxlayıb çəki verən, daha sonra çəkini geri alan şəxslərdə bu proses il ərzində təkrarlanırsa, sağlamlıq ciddi risk altına düşür. Bu cür “çəki dalğalanması” orqanizm üçün olduqca zərərlidir.
Emin Məmmədovun sözlərinə görə, diet müvəqqəti məhdudiyyət yox, sağlam qidalanma və yaşam tərzinin bir hissəsi olmalıdır. İnsan bəzən sevdiyi yeməkləri yeməlidir, lakin gec saatlarda və nəzarətsiz şəkildə qidalanmaq artıq çəkiyə və sağlamlıq problemlərinə yol açır. Bu səbəbdən əsas məqsəd düzgün qidalanma vərdişləri formalaşdırmaq olmalıdır.
Zeynəb Rzayeva
Bakı 



