Azərbaycanda doktorantların aylıq təqaüdü, elmi araşdırmalara sərf etdikləri vəsait və qarşılaşdıqları çətinliklər mövzu olaraq tez-tez gündəmə gəlir.
Belə ki, doktorantlara tam ştat işləməyə icazənin verilməməsi də onların narazı olduğu məqamlardan biridir.
Bəs, maraqlıdır, doktorantlara tam ştat işləməyə icazə verilməməsinin səbəbi nədir? Doktorantların elmi fəaliyyətini dəstəkləmək üçün mövcud qaydalar və məhdudiyyətlərə yenidən baxılması zərurəti varmı?
Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Ceyhun Məmmədov bildirib ki, doktorantura elmi mərhələ hesab olunur və burada əsas məqsəd elmi araşdırmaların aparılmasıdır.
Ceyhun Məmmədov: "Əgər doktorant tam iş günü çalışarsa, tədqiqatlarına vaxt ayıra bilməyəcək"
Deputatın sözlərinə görə, doktorantlar elmi iş və tədqiqatla məşğul olduqları üçün onların tam şəkildə işləməsi mümkün deyil. Bu, elmi fəaliyyətə və araşdırmalara ayrılan vaxtı azaldar:
"Hazırda verilən təqaüdün məbləği yüksək olmasa da, çox aşağı da deyil. Bu, dövlətin elm sahəsində gənclərə diqqət və qayğısının göstəricisidir. Gələcəkdə isə bu məbləğin artırılması və doktorantların ehtiyaclarının daha yaxşı qarşılanması istiqamətində addımlar atıla bilər”.
C.Məmmədov əlavə edib ki, qanunvericiliyə görə doktorantın tam ştat işləməsinə məhdudiyyətlər var və bu, onların elmi fəaliyyətlərinə mane olmamaq məqsədi daşıyır:
“Əgər doktorant tam iş günü çalışarsa, təbii ki, tədqiqatlarına vaxt ayıra bilməyəcək. Bu səbəbdən doktoranturanın əsas məqsədi yəni, elmi fəaliyyətin inkişaf etdirilməsi unudulmamalıdır. Hesab edirəm ki, ilk növbədə doktoranturaya qəbul və dissertasiya müdafiəsi prosesləri sadələşdirilməlidir. Hazırda mürəkkəb və uzun prosedurlar gənclərin elmə marağını azaldır”.
Deputat vurğulayıb ki, gənclərin elmi fəaliyyətə marağını artırmaq üçün bu sahədə daha geniş stimullaşdırıcı tədbirlər görülməli, doktorantura mərhələsi gənclər üçün daha cəlbedici edilməlidir.
Mina Mikayılova