"Ukraynanın son günlərdə Rusiya ərazisindəki strateji aviabazalara qarşı həyata keçirdiyi dron hücumları münaqişənin dinamikasını əhəmiyyətli dərəcədə dəyişə bilər".
Bu sözləri Rusiya-Ukrayna münaqişəsi ilə son vəziyyəti şərh edən politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Ukraynanın son dron hücumlar təkcə simvolik yox, həm də hərbi-strateji baxımdan mühüm əhəmiyyət daşıyır:
"Ukraynanın bu hücumu onu göstərdi ki, onlar Rusiya dərinliklərindəki hədəflərə qarşı dəqiq və təsirli zərbələr endirmək imkanına malikdir. Bu isə həm Rusiya ictimaiyyətində, həm də hərbi-siyasi elitasında ciddi narahatlıq doğura bilər”.
Müsahibimiz bildirib ki, Moskva uzun müddətdir münaqişəni əsasən Ukrayna ərazisində aparmağa çalışırdı:
“Lakin artıq Ukrayna göstərir ki, bu savaş yalnız onun torpaqlarında aparılmayacaq. Bundan öncə Kursk vilayətinin Ukraynanın ələ keçirməsi, indi də İrkutsk və Murmansk kimi ucqar vilayətlərdəki aviabazalara zərbələrin endirilməsi, Rusiyanın "toxunulmaz ərazilər" mifini dağıtmaqdadır".
Kamran Məmmədli: Rusiya daha müdafiəyönümlü və ehtiyatlı davranmağa məcbur olacaq
K.Məmmədli qeyd edib ki, həmçinin onlarla hərbi təyyarənin məhv edilməsi Rusiya üçün ciddi siqnal idi. Lakin ümumilikdə münaqişənin gərginləşməsi baş verməyəcək.
Politoloq hesab edir ki, Rusiya daha kəskin cavab vermək əvəzi əksinə, daha müdafiəyönümlü və ehtiyatlı davranmağa məcbur olacaq. Yəni, hücumun şiddətində artım yox, zərurətdən doğan taktiki korrektələr gözləmək daha doğru olar.
“Ukraynanın bu cür hücumları həm də onun Qərb müttəfiqlərinə göstərir ki, ölkə təkcə müdafiə deyil, həm də strateji hücum qabiliyyətinə sahibdir. Bu isə dəstəyin davamlılığı baxımından vacib amildir", - deyə Kamran Məmmədli vurğulayıb.
Gülşən Şərif