Ədliyyə Nazirliyində Ədliyyə işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə nazirliyin rəhbərliyi, struktur qurumların nümayəndələri, həmçinin ədliyyə fəaliyyətinin inkişafında fərqlənən əməkdaşlar iştirak ediblər.
Nazirliyin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, mərasimdən öncə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb, məzarı önünə gül dəstələri qoyulub. Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi yad edilib, məzarları önünə tər güllər düzülüb.
Nazirliyin inzibati binasında davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Ədliyyə naziri Fərid Əhmədov çıxış edərək əməkdaşları peşə bayramı münasibətilə təbrik edib, bütün əməkdaşlara uğurlar arzulayıb. Nazir ölkəmizdə hüquq sisteminin modernləşdirilməsi, ədliyyə sahəsində həyata keçirilən institusional və rəqəmsal islahatlar, vətəndaşlara göstərilən xidmətlərin səmərəliliyinin və operativliyinin artırılması istiqamətində görülən tədbirlər barədə danışıb. O bildirib ki, dövlət başçısının rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar ədliyyə orqanlarının fəaliyyətinə yeni dinamika qazandırıb və bu istiqamətdə əldə olunan nəticələr qarşıya qoyulan yeni hədəflərin reallaşdırılması üçün möhkəm baza formalaşdırıb.
Daha sonra F.Əhmədov peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş ədliyyə orqanlarında çalışan əməkdaşlara medalları təqdim edib. Həmçinin nazir “Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli Sərəncamını səsləndirib.
Tədbirin sonunda qulluqda xüsusi fərqləndiklərinə və səmərəli fəaliyyətlərinə görə ədliyyə nazirinin müvafiq əmri ilə təltif olunmuş bir qrup əməkdaşa “Ədliyyə sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı, döş nişanları, fəxri fərmanlar və təşəkkürlər təqdim edilib.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Bakı 











