Eritreya dövləti ərazisində saxlanılmış gəmilərin yoxlama prosesi hələ də davam etdirilir.
Bu barədə Bakıvaxtı.az-a “Caspian Marine Services B.V.” şirkətindən bildirilib.
Qeyd edilib ki, bu prosesin sürətləndirilməsi və yoxlamanın mümkün ən qısa vaxtda sonlandırılaraq gəmilərin sərbəst buraxılmasının təmin edilməsi üçün “Caspian Marine Services B.V.” şirkəti Eritreya dövlətinin müvafiq qurumları ilə işə cəlb olunmuş hüquq şirkətləri, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (səfirliklər və konsulluqlar cəlb olunmaqla)və Dövlət Dəniz və Liman Agentliyi vasitəsilə əlaqələrini davam etdirməkdədir.
"Belə ki, aparılan danışıqların nəticəsi olaraq, gəmilər daha geniş əraziyə malik limana gətirilib və gəmi heyəti gəmidən düşərək sərbəst gəzinti zonalarında vaxt keçirmək imkanları ilə təmin edilib. Təəssüf ki, rabitə və kommunikasiya problemi öz həlini tapmasa da, şirkətimizi təmsil edən hüquq şirkətinin nümayəndəsi gəmi heyətinin vəziyyəti ilə gündəlik olaraq maraqlanır, onların tələbatlarının qarşılanmasını, xüsusən və ərzaq təchizatının vaxtında və tam həcmdə təmin olunmasına köməklik edir. Eritreya dövlətinin rəsmilərindən alınan son məlumata əsasən, gəmilərin tezliklə buraxılmasının təmin edilməsi üçün müvafiq sənədləşmə prosesi artıq bitmək üzrədir və ən qısa vaxtda gəmilərin və heyət üzvlərinin sərbəst buraxılmaları təmin ediləcəkdir. Aparılan araşdırmanın hansı səbəbdən bu qədər uzun çəkməsinin səbəbi kimi, Eritreya dövlət orqanları tərəfindən bildirilib ki, bu cür proseslərin aparılması qaydaları, o cümlədən də, müddət və digər xüsusiyyətlər, dövlətin daxili qanunveriliciyi ilə tənzimlənir və araşdırmanın 3 ayadək uzanması Eritreya qanunvericiliyinə əsasən tam normal praktikadır. Eritreya dövlət orqanlarından və həmin ölkədə şirkətimizin səlahiyyətli nümayəndəsindən alınan məlumata əsasən, hazırda Eritreya dövlətinə məxsus Assab limanında olan 18 Azərbaycan vətəndaşının sağlamlıq durumu normaldır, saxlanılma şəraitlərindən narazılıq yoxdur.
Son olaraq, bir daha vurğulamaq istərdik ki, şirkətimiz məsələnin həlli ilə bağlı daim Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə əlaqədədir və bütün cəlb olunmuş tərəflər öz fəaliyyət sahələrinə uyğun olaraq zəruri olan hərəkətləri davam etdirməkdədir.
Görülmüş işlər üzrə dövlət orqanları tərəfindən vaxtaşırı ictimaiyyətə açıqlamalar verilir”, - məlumatda deyilir.
13:48
***
Eritreyada saxlanılan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin azərbaycanlı heyətinin yaxınları “Caspian Marine Services B.V.” şirkətinin qarşısında aksiya keçirib.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, aksiyanın məqsədi gəmilərin buraxılmasına dair danışıqlar prosesi barədə məlumat almaq olub.
Girov götürülən Saleh Poladovun atası Vələd Poladov bildirib ki, oğlundan 3 aydır xəbər ala bilmirlər: “Biz şirkətdən məlumat almaq istəyirik. Artıq 3 ay keçib. Bunun sonu necə olacaq? Gəmidə olarkən onlar bizimlə həftədə bir dəfə əlaqə saxlayırdılar. İndi isə heç bir xəbər yoxdur”.
Mahmud Rüstəmovun atası Əmrah Rütəmov deyib ki, hadisə ilə bağlı bir neçə dəfə şirkət rəsmiləri ilə, eləcə də Xarici İşlər Nazirliyində görüşdə olublar: “Xarici İşlər Nazirliyində də olmuşuq, amma heç bir nəticə olmayıb. Biz dövlətimizdən övladlarımızı bizə qovuşdurmağını xahiş edirik. Gəmini nə vaxt istəsələr qurtararlar, bu şirkətin öz işidir. Ən son şirkətdən 2 həftə öncə demişdilər ki, 3 günə sənədləri götürüb çıxacaqlar. Dəqiq vaxt deyən yoxdur. 18 nəfərlik heyət artıq 3 aydır ailəsindən uzaqdır”.
Daha sonra girov saxlanılan şəxslərin yaxınlarını sözügedən şirkətin direktor müavini Aqşin Rəhimov qəbul edib. Görüş media nümayəndələri üçün qapalı keçirilib.
Görüşdən sonra görüş iştirakçıları bildirib ki, onları qəbul edən Aqşin Rəhimov prosesin gecikməsinə bir neçə səbəbin olduğunu deyiblər və əlavə olaraq vurğulanıb ki, Eritreyada Azərbaycanın diplomatik nümayəndəliyi yoxdur. Belə ki, məsələ ilə ilə bağlı viza vermilmir, müraciət edilsə də imtina cavabı gəlir. Şirkətdən saxlanılanların ailələrinə onu da bildirilblər ki, oların azad edilməsi istiqamətində işlər davam etdirilir.
“Caspian Marine Services B.V.” şirkətindən məsələ ilə bağlı hər hansı açıqlama verilməyib.
Xatırladaq ki, 7 noyabr 2024-cü il tarixində “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib. Keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya Dövlətinin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb. Adları qeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan Respublikasının vətəndaşlarıdır. Baş vermiş hadisə ilə bağlı ilkin məlumatlar 07.11.2024-cü il tarixində işçi qaydada Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra, tərəfimizdən hadisəyə dərhal reaksiya verilərək məsələ nəzarətə götürülüb. Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya Federativ Demokratik Respublikasında və Rusiya Federasiyasındakı səfirliklərimiz vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.