• Bakı 22° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Ermənistan artıq Rusiyanın yox, Qərbin musiqisinə oynayır: Moskva-İrəvan gərginliyi artır

SİYASƏT

09 Avqust 2024 | 16:31

Ermənistan artıq Rusiyanın yox, Qərbin musiqisinə oynayır: Moskva-İrəvan gərginliyi artır

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Azərbaycana səfəri zamanı bildirdi ki, Qərb Cənubi Qafqazın işlərinə qarışmağa çalışır və regionun təhlükəsizliyini təhlükə altında qoyur.

Məlum olduğu kimi, rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlimlərini boykot edir. Lakin Ermənistan bir neçə dəfə ABŞ ilə birgə “Eagle Partner 2024” hərbi manevrlərini keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, son dönəmlərdə İrəvan tədricən onu Moskva ilə birləşdirən layihələrdən çıxmaqdadır. KTMT-nin Katibliyi bəyan edib ki, Ermənistan KTMT-nin "Qarşılıqlı fəaliyyət-2024" adlı təlimlərində iştirakdan imtina edib. Təlimlər 3-15 sentyabrda Qırğızıstanda planlaşdırılıb. Bununla yanaşı, İrəvan 14-16 avqust tarixlərində Novosibirskdə Rusiya Qvardiyasının himayəsi altında keçiriləcək "Kobalt-2024" təlimlərinə də qatılmamaq qərarı alıb.

Ermənistan son bir il ərzində KTMT-yə məhəl qoymur. Baş nazir Nikol Paşinyan da hər fürsətdə KTMT-ni tənqid edir. Fevral ayında Paşinyan ölkəsinin təşkilata üzvlüyünün dondurulduğunu elan etdi və daha sonra qurumun büdcəsinə üzvlük haqqı verməyi dayandırdı. Hətta Ermənistanın Moskvadan asılılığını "strateji səhv" adlandırdı.

Görünən odur ki, Ermənistan Qərblə hərbi sahədə sürətlə yaxınlaşmaqdadır.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Rusiyanın İrəvanla bağlı səsləndirdiyi fikirlərin hamısı daşa dəyib geri qayıdır.

Ekspertin sözlərinə görə, Moskva dəfələrlə cəhd etdi ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı konkret fikrini bəyan etsin:

"İrəvanın yanaşmasında dəyişiklik, yumşalma olmadı. Ermənistan tərəfi açıq bəyan etdi ki, KTMT-nin avqust-sentyabr aylarında Novosibirsk və Qırğızıstanda keçiriləcək hərbi təlimlərində iştirak etməyəcək. Ermənistan artıq Rusiyanın yox, Qərbin musiqisinə oynayır. Rusiya ilə bağlı məqamları isə qulaqardına vurur”.

Bəziləri iddia edirlər ki, Ermənistan yenidən Moskvaya üz tutmağa məcbur qalacaq. Ü.Cəfərov isə fərqli düşünür. Onun sözlərinə görə, "Zvartnots" hava limanından rus hərbçilərin çıxarılması və digər məqamlar onu deməyə əsas verir ki, İrəvan-Moskva münasibətləri kifayət qədər gərgindir.

Üzeyir Cəfərov: Rusiyanın İrəvanla bağlı səsləndirdiyi fikirlərin hamısı daşa dəyib geri qayıdır

“Düzdür, ara-sıra rus rəsmilər, diplomatlar sülhlə və əməkdaşlıqla bağlı müəyyən açıqlamalar verirlər. Lakin Ermənistan Rusiyanın təklif etdiyi bütün platformalardan birmənalı imtina edir və müraciətlərə adekvat cavab vermir. Qısacası, tərəflər arasında cərəyan edən gərginlik aydın şəkildə müşahidə olunmaqdadır", - deyə Üzeyir Cəfərov əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

18 Sentyabr 2024