q
  • Bakı 19° C

    1.34 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Ermənistandakı seçkinin geosiyasi portfeli: Azərbaycanı üstün edən məqamlar... - TƏHLİL

SİYASƏT

12 May 2026 | 12:21

Ermənistandakı seçkinin geosiyasi portfeli: Azərbaycanı üstün edən məqamlar... - TƏHLİL

“Azərbaycan Respublikasının xarici siyasəti ABŞ-İsrail müttəfiqliyinin İranla müharibəsi və ondan sonrakı dövrdə qərarqəbuletmə baxımından yüksək səviyyəli model nümayiş etdirdi”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında analitik Aqşin Kərimov bildirib.

Onun sözlərinə görə, bu, bütün risklərə və regional təhlükəsizlik problemlərinə rəğmən iki fundamental mövqeyə əsaslanırdı:

“Birincisi, Azərbaycan Respublikası xarici siyasətdə dövlətlərlə münasibətləri sıfırlayan mövqeyə getməyərək, prosesi özü üçün təhlükəsizlik qazanclarına çevirə bildi. Bu, Azərbaycanın xarici siyasətində əks olunan hərbi qarşıdurma ssenarisində bloklara qoşulmamağı xarakterizə edirdi.

İkincisi, İranla müharibənin hərbi təsir dairəsinə düşən ölkələr təhlükəsizlik üçün narahat bir dinamikada ilişib qalarkən, Azərbaycan özünü bu münaqişənin praktiki hərbi konturlarından kənarda saxladı. İranın Naxçıvana dron hücumundan sonra prezident İlham Əliyevin rəhbərliyi altında xarici siyasət kursu prinsipial mövqe göstərdi və bu amil İranın elitar diskursundakı fikir ayrılıqlarına da təsir göstərdi”. 

A.Kərimov hesab edir ki, Azərbaycan indi atəşkəslə idarə olunan və hələ də kövrək olan regional postmüharibə dövründə xarici siyasətdəki istiqamətləri yeni geosiyasi nəticələrlə uyğunlaşdırır:

“Rəsmi Bakı üçün bu mərhələdə Ermənistanda keçiriləcək parlament seçkiləri və onun nəticələri olduqca vacibdir. Burada 4 oxa diqqət yetirmək lazımdır.

Birinci istiqamət odur ki, İran, Rusiya kimi dövlətlər müharibələrin yorğunluğundan Ermənistandakı maraqlarını qoruyub-saxlamağa çalışarkən, Azərbaycan taktiki qazanclarını Ermənistanda strateji qazanclara çevirmək üçün hərəkətlər edir. Bu, 2020-ci ildən bu yana Azərbaycanın yürütdüyü strategiyanın indi üzə çıxan nəticələridir. Bu amil, Ermənistandakı proseslərdə Azərbaycanın söz haqqına sahiblənən mandata yiyələnə biləcəyini stimullaşdırır”.

Aqşin Kərimov: Azərbaycan regional postmüharibə dövründə xarici siyasətdəki istiqamətləri yeni geosiyasi nəticələrlə uyğunlaşdırır

İkinci istiqamətə diqqət çəkən müsahibimiz qeyd edib ki, Azərbaycan Ermənistandakı seçkilərin nəticələri üzərindən sürpriz qarşıdurma ssenarilərini nəzərə alır:

“Burada Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi, ABŞ ilə strateji münasibətləri daha böyük ölçülü məqam kimi önə çıxır. Lakin Rusiya və İran da Azərbaycanla bu periodda kəskin geosiyasi qarşıdurmaya getməkdə maraqlı tərəf kimi görünmür. Azərbaycanın Ukrayna ilə münasibətlərindəki yeni təhlükəsizlik vektoru, ABŞ ilə əlaqələrdəki sıçrayışlar bu məsələlərdə Rusiya və İranın qərarlarına təsir edir. Bu, Ermənistandakı mümkün bütün nəticələrdə Azərbaycan üçün mühüm manevr meydanı təqdim edən alətlərdir”.

Üçüncü istiqamətə gəlincə, A.Kərimov vurğulayıb ki, İrandakı müharibə fonunda Azərbaycanla Fransa arasında diplomatik münasibətlərin yaxşılaşması  müşahidə olundu:

“Azərbaycanın Böyük Britanya ilə yanaşı, Fransa ilə də əlaqələrindəki müsbət dinamikalar gedişatlarda Bakı üçün fürsətlər verəcək”.

Sonuncu istiqamətə mahiyyətinə nəzər salan ekspert vurğulayıb ki, Azərbaycan Ermənistanda maraqları kəsişən geosiyasi layihələri idarə edən prioritetlər tərtib edir:

“Burada ehtimalla, Azərbaycanın Çinlə münasibətlərindəki strateji ölçülər Bakı üçün bəzi çətin prosesləri asanlaşdıracaq vasitəyə çevrilir. Sadalanan dörd xüsusda, Azərbaycan üçün ABŞ Prezidenti Donald Trampla Çin sədri Si Cinpinin Zirvə görüşü əhəmiyyət kəsb edir. Bu görüş ABŞ ilə Çinə regional gərginliklərin, bir-birlərinə qarşı strateji mübarizələrin idarə olunması üçün məşqdir, lakin prosesin Azərbaycan üçün əhəmiyyəti daha çox TRIPP marşrutu layihəsində (Zəngəzur dəhlizi) vacibdir. Çinin də TRIPP layihəsində ABŞ-nin iştirakına etiraz etməməsi Zirvə görüşünün nəticələrindən Bakının daha bir viza alacağını proqnozlaşdırmağa imkan verir. Göründüyü kimi, Azərbaycan üçün Ermənistandakı seçki fonunda uğur ifadə edəcək proseslər əks-strategiyaları neytrallaşdırmağa imkan verəcək”.

Aydın Baxış


SON XƏBƏRLƏR

12 May 2026