Ermənistanın Rusiyanın Ural bölgəsində, Yekaterinburqda konsulluğunu bağlaması diqqətçəkən hadisədir.
Bakıvaxtı.az-ın məlumatına görə, yeddi ildən artıq müddətdə fəaliyyət göstərən bu diplomatik nümayəndəlik, əsasən erməni icmasına xidmət edirdi və bu müddətdə on minlərlə müraciəti qəbul etmişdi. Konsulluğun bağlanması sadəcə texniki qərar deyil, həm Ermənistanın daxili siyasətində, xüsusilə kilsə ilə münasibətlərində, həm də Moskva ilə əlaqələrində yaşanan gərginliklərin bariz göstəricisidir.
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, bu qərarın arxasında bir neçə qat səbəb dayanır. Bir tərəfdən, Ermənistan daxilində kilsə ilə hakimiyyət arasında gərgin münasibətlər müşahidə olunur. Konsulluğun fəaliyyətinə də uzun müddət Ermənistan Apostol Kilsəsinin dəstəyi olmuşdu. Onun bağlanması kilsəyə yönəlik dolayı cavab jesti kimi görünə bilər:
“Digər tərəfdən, bu addım Ermənistan-Rusiya münasibətlərindəki böhranın diplomatik müstəviyə daşınması təsiri bağışlayır”.
Konsulluğun bağlanmasının kilsə ilə bağlılığından danışan politoloqun sözlərinə görə, Ermənistan hakimiyyəti son illər kilsənin ictimai-siyasi nüfuzunu məhdudlaşdırmağa çalışır. Eçmiədzin dəfələrlə hökumətin qərarlarını tənqid edib və daxildə siyasi mübarizədə fəal mövqe tutub. Müsahibimiz bildirib ki, Yekaterinburqdakı konsulluğun fəaliyyəti də kilsənin dəstəyinə bağlı olduğundan, onun bağlanması hakimiyyətin kilsəyə “sənin təsir dairəni daraldıram” mesajıdır.
Z.Qarayeva Ermənistan və Rusiya arasında münasibətlərin son illər ciddi şəkildə gərginləşdiyini, İrəvanın Qərbə daha çox yaxınlaşdığını, Moskvanın isə bundan narahat olduğunu xatırladıb. Dediyinə görə, konsulluğun bağlanması Ermənistanın artıq Rusiya ərazisində geniş diplomatik şəbəkəyə ehtiyac duymadığını göstərən simvolik addım ola bilər:
“Bu, həmçinin Moskvanın təsir imkanlarına açıq cavab kimi də oxuna bilər”.
Züriyə Qarayeva: Ermənistanın Rusiyadakı digər konsulluqlarının bağlanması ehtimalı var
Ermənistan cəmiyyətində bu qərarın necə qəbul olunacağına gəlincə, həmsöhbətimiz hesab edir ki, cəmiyyət iki yerə bölünəcək:
“Hakimiyyətə yaxın dairələr bunu müstəqil qərar kimi alqışlaya bilər. Amma kilsəyə bağlı qüvvələr və Rusiyaya yaxın ictimai-siyasi dairələr bu addımı hakimiyyətin “təxribatı” və ənənəvi müttəfiqlərlə münasibətlərin korlanması kimi qiymətləndirəcək. Yəni daxildə də müəyyən gərginliklər yarana bilər”.
Z.Qarayeva gələcəkdə Ermənistanın Rusiyadakı digər konsulluqlarının bağlanmasını da istisna etmir. Onun fikrincə, əgər Ermənistan hakimiyyəti həm daxildə kilsə ilə mübarizəni, həm də xaricdə Qərbə inteqrasiyanı davam etdirəcəksə, Rusiyada daha bir neçə konsulluğun bağlanması mümkündür:
“Bu, həm daxili rəqiblərə qarşı mesaj, həm də Moskva ilə məsafə saxlamaq siyasətinin davamı ola bilər”.
Zülfü Məmmədov