• Bakı 19° C

    17.22 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

Ermənistanın yeni marşrutu: məqsəd nədir - sülh, yoxsa...?

SİYASƏT

29 Oktyabr 2025 | 12:13

Ermənistanın yeni marşrutu: məqsəd nədir - sülh, yoxsa...?

 Azərbaycanın Ermənistana tətbiq etdiyi tranzit qadağasının ləğvindən sonra Baş nazir Nikol Paşinyanın ardıcıl bəyanatları regionda yenidən siyasi müzakirələrin mərkəzinə çevrilib.

Paşinyan bildirib ki, Ermənistan Türkiyə və Azərbaycan arasında yüklərin daşınması üçün öz ərazisini təqdim etməyə hazırdır və hətta konkret marşrut – Marqara-Yeqnadzor-Sisian-Gorus yolunu təklif edib. Bu açıqlama ilk baxışda Bakı və Ankaraya jest kimi görünür, amma dərin təhlil göstərir ki, məqsəd Zəngəzur dəhlizinin aktuallığını zəiflətmək və prosesi fərqli istiqamətə yönəltməkdir. Məsələ təkcə nəqliyyat marşrutu deyil, həm də regiondakı güc balansı, iqtisadi üstünlük və siyasi manevr imkanları ilə bağlıdır.

Mövzu ilə bağlı fikirlərini Bakıvaxtı.az-a bölüşən politoloq Züriyə Qarayeva hesab edir ki, bu təklifin arxasında real iqtisadi maraqdan çox siyasi məqsədlər dayanır.  Onun sözlərinə görə, Ermənistan baş naziri guya əməkdaşlığa hazır görüntüsü yaradır, amma əslində Zəngəzur dəhlizinə alternativ layihə təbliğ edir:

“Bu, Paşinyanın illər əvvəl təqdim etdiyi “Sülh kəsişməsi” ideyasının davamıdır. Yəni, məqsəd sülh yox, prosesə nəzarət imkanını öz ərazisində saxlamaqdır. O, bununla həm də beynəlxalq arenada “əməkdaşlığa açığıq” imicini formalaşdırmaq istəyir. Amma Azərbaycan üçün real və davamlı nəticə yalnız Zəngəzur dəhlizinin tam şəkildə açılması ilə mümkündür”.

“Azərbaycan tranzit qadağasını ləğv etməklə əslində hansı mesajı vermək istədi” sualını cavablandıran müsahibimiz bildirib ki, Azərbaycanın bu qərarı bir jest deyil, strateji mesajdır. Bakı göstərdi ki, regionda normallaşmanın tərəfdarıdır, amma proses qarşılıqlı prinsiplər üzərində qurulmalıdır. Politoloq deyib ki, tranzit qadağasının aradan qaldırılması, Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməsi üçün diplomatik təzyiq formasıdır. Azərbaycan həm də beynəlxalq tərəfdaşlara nümayiş etdirdi ki, o, sülh prosesində maneə yaradan tərəf deyil. Bu addım Ermənistanı Zəngəzur dəhlizinin açılışını sürətləndirməyə vadar edir. Yəni Bakı prosesin açarını əlində saxlamaqla həm humanist, həm də strateji gediş etdi.

Z.Qarayevaya görə, Ermənistan bu təkliflə Türkiyə və Azərbaycan arasına “soyuqluq salmaq” niyyəti güdür:

“Bu, mümkün ssenarilərdən biridir. Paşinyan düşünür ki, iqtisadi baxımdan daha qısa marşrut təklif etməklə Türkiyənin marağını çəkə bilər. Amma Ankara 30 ildir bütün regional qərarlarını Azərbaycanın maraqları ilə uzlaşdırır. “Bir millət, iki dövlət” prinsipi bu gün də dəyişməz qalır”.

Züriyə Qarayeva: Ermənistan bu təkliflə Türkiyə və Azərbaycan arasına “soyuqluq salmaq” niyyəti güdür

Həmsöhbətimiz vurğulayıb ki, Türkiyə hər hansı iqtisadi sərfəliliyi Bakının maraqlarına zidd addımla əvəz etməz. Ermənistan isə bu ittifaqı zəiflətmək üçün sınaqlara əl atsa da, regionda artıq heç bir siyasi oyunla real nəticə qazana bilməz.

Bütün bunların fonunda Zəngəzur dəhlizi məsələsinin gələcəyinə gəlincə politoloq bildirib ki,  Prezident İlham Əliyevin Astanada verdiyi bəyanat Zəngəzur dəhlizi ilə bağlı yol xəritəsini dəqiqləşdirdi. Azərbaycan ərazisində işlər plan üzrə davam edir və gələn ilin ortalarına qədər əsas hissə tamamlanacaq. Ermənistan bu prosesdən kənarda qalmaqla iqtisadi təcrid riskini artırır.

“Dəhlizin açılması yalnız Azərbaycan və Türkiyənin deyil, bütün regionun iqtisadi maraqlarına xidmət edir. Paşinyanın “uzun yol” təklifləri sadəcə vaxt qazanmaq və daxili auditoriyaya mesaj vermək cəhdidir. Amma reallıq ondan ibarətdir ki, regionun gələcəyi Zəngəzur dəhlizi ilə başlayır, bu prosesi heç kim dayandıra bilməz”, - deyə Züriyə Qarayeva qeyd edib.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

28 Oktyabr 2025