Gəncədə yeni istifadəyə verilən şəhər stadionuna media-tur təşkil olunub.
Bakıvaxtı.az xəbər verir ki, media nümayəndələri stadionun ərazisində olublar.
Gəncə şəhər stadionu ilə tanış oluduqdan sonra jurnalistlərə görülən işlər haqqında məlumat verilib. Bildirilib ki, müasir stadionda idmaçılar və tamaşaçılar üçün bütün şərait yaradılıb.
Qeyd olunub ki, stadionun ərazisi 10 hektardan çoxdur, tamaşaçı tutumu isə 15 min 343 nəfərdir.
Həmçinin ərazidə AFFA tərəfindən köməkçi məşq meydançaları və futbol akademiyasının binası tikilib. Stadionda futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr yaradılıb.
UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən arena müasir işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik sistemləri ilə təchiz olunub.
Xatırldaq ki, 1959–1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından bu idman qurğusunun fəaliyyəti qismən həyata keçirilirdi. Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncama əsasən, Gəncə şəhər stadionunun yenidənqurma işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb. Ötən il aprelin 9-da dövlət başçısı stadionun təməlini qoyub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Gəncə Stadionunun açılışında iştirak edib.