• Bakı 10° C

    8.57 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Boğaz ağrısı, qızdırma... - Heç bir vasitə bu virusa yoluxmanın qarşısını tam ala bilməz: PEDİATR

CƏMİYYƏT

09 Dekabr 2025 | 10:35

Boğaz ağrısı, qızdırma... - Heç bir vasitə bu virusa yoluxmanın qarşısını tam ala bilməz: PEDİATR

Son günlər uşaqlarda boğaz ağrısı və qızdırma ilə müşahidə olunan xəstəliklər artıb. Valideynlər övladlarında temperaturun əsasən gecə saatlarında yüksəldiyini, heç bir iynə-dərmanın belə fayda vermədiyini bildirirlər.

Uşaqlar arasında yayılan virusdan Bakıvaxtı.az-a danışan pediatr Şəlalə Poluxova bildirib ki, xüsusilə dekabr ayından fevral, hətta mart-aprel aylarına qədər virus infeksiyaları daha geniş yayılır. Onun sözlərinə görə, bu xəstəliklər təkcə uşaqlarda deyil, böyüklərdə də müşahidə olunur. Mövsüm dəyişikliyi və qış aylarında insanların daha çox qapalı məkanlarda vaxt keçirməsi virusların yayılmasını sürətləndirir. Uşaqların olduğu bağça və məktəblər də qapalı məkan hesab olunduğundan, burada yoluxma halları daha tez artır:

"Mövsüm dəyişikliyi dövrlərində immun sistem də nisbətən zəifləyir. Virus infeksiyalarının özü də immuniteti zəiflədən faktorlardan biridir. Bu səbəbdən payız-qış aylarında orqanizmin viruslara həssaslığı artır və xəstəliklər çoxalır".

Bəs uşaqları bu xəstəliklərdən necə qoruyaq?

Müsahibimiz təəssüflə vurğulayıb ki, spesifik bir virusdan tam qoruyan dərman və ya üsul yoxdur. Dediyinə görə, yəni “bu dərmanı iç və xəstələnmə” kimi bir yanaşma doğru deyil:

“Heç bir vasitə virusların yoluxmasının qarşısını tam ala bilməz. Lakin ümumi gigiyena qaydalarına əməl etməklə və immuniteti gücləndirməklə yoluxma riskini azaltmaq mümkündür".

Şəlalə Poluxova: Özbaşına antibiotik istifadəsi qətiyyən yolverilməzdir

Həkim qorunma tədbirlərindən də söz açıb:

"Əllərin tez-tez yuyulması ən sadə, lakin ən təsirli qaydalardan biridir. Xəstə uşaqlarla təmasdan qaçmaq, uşaqların eyni fincandan, eyni qabdan istifadə etməməsinə diqqət yetirilməlidir. Qapalı məkanlar gündə 3-4 dəfə, ən azı 10 dəqiqə havalandırılmalıdır. Vitamin və minerallarla zəngin qidaların verilməsi vacibdir. Mövsümə uyğun təbii meyvə və tərəvəzlər, həmçinin balıq, yumurta, qoz kimi faydalı məhsullar üstünlük təşkil etməlidir. Həmçinin yuxu azlığı immuniteti zəiflədir".

Pediatr qeyd edib ki, sağlam uşaqlar üçün mütəmadi həkim müayinəsi bu aralıqlarda olmalıdır: 0-6 ay: ayda 1 dəfə, 6-12 ay: 2–3 ayda 1 dəfə, 1 yaşdan yuxarı: 3-4 ayda 1 dəfə, böyük uşaqlar: 6 ayda 1 dəfə.

Şəlalə Poluxova onu da bildirib ki, uşaqlar üçün özbaşına antibiotik istifadəsi qətiyyən yolverilməzdir:

“Virus infeksiyalarında antibiotik təsir etmir və əksinə, bağırsaq mikroflorasını və immuniteti zəiflədir”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

08 Dekabr 2025