"DAK-dan çoxdan aralanmış və bir neçə ilini alternativ DAK yaratmağa sərf etmiş bir avropalı qonağımız bu günlərdə öz yeni xəyalpərəstliyi ilə mənə dedi: "Daha DAK-ın zamanı keçdi". "Bizim vaxtımız keçdi!" desə idi, başa düşərdim".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı deyib.
Deputatın sözlərinə görə, lakin "Dünya Azərbaycanlıları Konqresinin vaxtı keçdi" deməsi göstərir ki, Tanrının yazdığı yolu hələ də tapa bilməyib, birləşmək və təşkilatlanmaq istəyimizə öz iddiaları ilə illər uzunu mane olmuş adamlar zərrə qadər dəyişilməyiblər, elə əvvəlki cahilliklərini davam etdirir və başqa ad altında, başqa bir tərkibdə ortaya çıxmaq istəyirlər:
"Mən bir ömür belələrinin "bitdi", "olmaz", "boş yerə uğraşma" xəbərlərinə qarşı durub yolumu getmişəm. Necə deyərlər, bunların dabbaqda gönlərinə bələdəm. İş görməkdənsə, iş görənlər haqqında söz gəzdirərlər... Mən Güney Azərbaycanın taleyi ilə bağlı ilk poemamı 20 yaşımda yazmışam. Sonrakı illərdə bir neçə kitab, 8 poema , onlarla şeir, saysız məqalə yazılıb, "Bakı-Təbriz" jurnalını nəşr etmişəm. DAK sədri oldum, olmadım, bu işi yenə davam etdirəcəm. Bunlar da bacardıqları işi görsünlər. DAK niyə bunların yuxusuna haram qatıb? Ölkənin içindən və xaricdən müəyyən adamlar niyə İran siyasətinə qulbeçəlik edərək illər uzunu DAK-a mane olur, onu parçalamağa, onu zəiflətməyə çalışırlar? Vaxtilə bu sifarişin hardan gəldiyini hər kəs bilirdi; lakin bu gün dövlətimizin mövqeyi aydındır və görülməli daha çox iş var".
"Xeyir, cənablar! DAK-nın vaxtı keçməyib, əksinə onun yeni tarixi başlanır!" deyən S.Rüstəmxanlı qeyd edib ki, hətta Bütöv Azərbaycan arzumuza qovuşandan sonra da Dünya Asərbaycanlıları Konqresinə, görüşlərə, sorunların bir yerdə müzakirəsinə ehtiyac qalacaqdır.
"Başqalarının qabağına kötük itələməkdənsə öz yolunuzu gedin. Yoldan xıbəriniz varsa əgər!..", - deyə Sabir Rüstəmxanlı vurğöulayıb
Aytac Aslan
















