3 sentyabr 1991-ci il Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi kimi yaddaşlara həkk olunub.
Həmin gün Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi yalnız qədim diyarın deyil, bütövlükdə Azərbaycanın gələcək taleyi üçün həlledici mərhələnin başlanğıcı oldu. O dövrün mürəkkəb və gərgin şəraitində Heydər Əliyevin siyasi iradəsi, dərin dövlətçilik təcrübəsi xalqımıza ümid, inam və xilasa yol açdı. İllər keçdikcə bu tarixi hadisənin əhəmiyyəti daha da aydın görünür və Azərbaycanın müasir, qüdrətli dövlət kimi inkişaf yoluna çıxmasında xüsusi rolu bir daha təsdiqlənir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Rəhimzadə xatırladıb ki, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən 34 il ötür. İllər keçdikcə bu tarixin ölkəmizin həyatında xüsusi yeri daha aydın görünür. Dahi şəxsiyyətin Sədr seçildiyi bu gün bütövlükdə Azərbaycanın xilası kimi tarixə yazılıb:
"Ulu Öndər Heydər Əliyevin 1990-cı il iyulun 22-də Naxçıvana möhtəşəm qayıdışı dözülməz vəziyyətdə olan naxçıvanlıların sabaha inamını özlərinə qaytardı. Ulu Öndər Heydər Əliyev Naxçıvana gəldikdən sonra qədim diyarın xilası üçün lazım olan bütün addımları atmağa başladı. Eyni zamanda, yalnız muxtar respublika deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən 12-ci çağırış birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. Ulu Öndərin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adının dəyişdirilərək Ali Məclis adlandırılması muxtar respublikanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynadı".
Vüqar Rəhimzadə: Bu mühüm tarixi addım Naxçıvanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu
Onun sözlərinə görə, 3 sentyabr 1991-ci il Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir. Həmin tarixi gündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında Ümummilli Lider Heydər Əliyev yekdilliklə Ali Məclisin Sədri seçildi:
"Bu mühüm tarixi addım Naxçıvanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Həmin tarixi gündən başlayaraq Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi Ona hər bir çətinliyi uğurla aradan qaldırmaqda yardımçı oldu. Bütün bunları özünün zəngin idarəetmə qabiliyyəti və təcrübəsi, beynəlxalq arenada şəxsi nüfuzu hesabına həyata keçirən Heydər Əliyev Naxçıvanı sözün həqiqi mənasında fəlakətdən xilas etdi".
Deputat onu da əlavə edib ki, Ulu Öndərin Naxçıvanda çalışarkən xalq və dövlət qarşısında ən böyük xidmətlərindən biri insanlarda milli təfəkkür və milli məfkurənin formalaşdırılması idi:
"1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malik hadisə oldu. Ulu Öndər daim bu çağırışı edirdi ki, Azərbaycan bütün dünya azərbaycanlılarının Vətənidir. Həmin illərin ən mühüm tarixi hadisələrindən biri bu gün milyonların partiyasına çevrilən, sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılması oldu. 1993-cü ildə Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn Ümummilli Lider bu addımı ilə bir daha təsdiqlədi ki, hər zaman xalqının, dövlətinin yanındadır".
Sonda Vüqar Rəhimzadə vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Ümummilli Liderin hər bir arzusunu gerçəkləşdirdi. Tarixi Zəfərimiz, bütün ərazilərimizdə suverenliyini tam təmin etmiş, güclü, qüdrətli, dünyada söz sahibi olan dövlətimiz Heydər Əliyev yolunun təqdimatıdır.
Əli Hüseynov