Rusiya hökuməti yaxın vaxtlarda Çinlə vizasız rejimin tətbiqini elan edəcək.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin "Valday" Diskussiya Klubunun iclasında bildirib.
Rusiya lideri oxşar tədbirləri xarici işlər naziri Sergey Lavrovla müzakirə etdiyini və artıq qərar qəbul olunduğunu qeyd edib.
Rusiya ilə Çin arasında vizasız rejimin tətbiqi siyasi aspektdə nələr qazandıra bilər?
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, yaxın vaxtlarda Avropa-Rusiya münasibətlərinin gərginliyi fonunda Rusiyanın Çinlə yaxınlaşması normal haldır. Onun sözlərinə görə, bu gün Rusiya-Çin münasibətləri artan və daha da yaxınlaşma istiqamətdə davam edir:
"Çin-Rusiya münasibətləri strateji ittifaq deyil, sadəcə mütəffiqlik hesab olunur. Xüsusən də yaxın zamanlarda Avropa-Rusiya münasibətlərinin gərginliyi Rusiyanın Çinə yaxınlaşmasına təkan verib. ABŞ-nin Ukraynaya silah yardımı tədarükünü davam etdirməsi, "Tomaqavk" tipli silahlardan Ukraynaya verilməsi, o cümlədən bu qanadlı raketlərlə Rusiyanın atəşə tutulmasına icazə verilməsi, həmçinin Avropada yerləşən Rusiyaya məxsus aktivlərin Ukraynanın xeyrinə verilməsi ilə bağlı qərarın qəbulu Rusiya-Avropa münasibətlərini gərginləşdirib”.
Yusif Bağırzadə: Çin-Rusiya münasibətləri strateji ittifaq deyil, sadəcə mütəffiqlik hesab olunur
Müsahibimiz qeyd edib ki, Rusiyaya məxsus aktivlərin təxminən 49 milyard dollara yaxını ABŞ ərazisində, 250 milyard dollar isə Avropa İttifaqına daxil olan dövlətlərin ərazisində yerləşir. Bundan başqa, Trampın Rusiyanı kağız əjdaha dövləti kimi elan etməsi, həmçinin Rusiyanı zəif, Ukraynanı isə güclü dövlət kimi qələmə verən bəyanatları ABŞ-Rusiya münasibətlərini daha da gərginləşdirib.
Y.Bağırzadə hesab edir ki, Rusiyanın Çinə yaxınlaşması prosesi davamlı olacaq. Buna nümunə olaraq, viza rejiminin ləğvini misal çəkmək olar.
"Ümumilikdə Putinin hakimiyyəti dövründən Rusiya ilə Çin münasibətlərində istiləşmə baş verib. Avropa İttifaqı və ABŞ-nin Çinin əsas ticarət tərəfdaşı olduğunu nəzərə alsaq, Pekin Moskva ilə müəyyən məsafə saxlamağa çalışır", - deyə politoloq vurğulayıb.
Gülşən Şərif