• Bakı 20° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Rusiya ilə münasibətlərimizdən asılı olmadan Ukraynaya dost əlimizi uzatmışıq

SİYASƏT

03 Oktyabr 2025 | 14:15

Rusiya ilə münasibətlərimizdən asılı olmadan Ukraynaya dost əlimizi uzatmışıq

“Azərbaycan tərəfi Rusiya-Ukrayna müharibəsi başladığı dövrdən etibarən, hətta Krım hadisələrindən üzü bəri balansı gözləməyə çalışıb”.

Bunu politoloq Turab Rzayev Bakıvaxtı.az-a Azərbaycan və Ukrrayna prezidentlərinin Kopenhagendə görüşünü şərh edərkən deyub.

Onun sözlərinə görə, Azərbaycan Rusiyaya qarşı hansısa əməliyyatlara, sanksiyalara qatılmayıb:

“Başqa yandan isə müharibə başlayandan dərhal sonra Azərbaycan tərəfi birmənalı vurğulayıb ki, Ukraynanın ərazi bütövlüyünü tanıyırıq. Krım daxil olmaqla Ukraynanın ərazi bütövlüyü barədə Azərbaycan öz israrlı mövqeyində qalmaqdadır. Azərbaycan sadəcə siyasi dəstək verməklə, bəyanatla kifayətlənməyib. Həm də humanitar yardımları, maliyyə və investisiya dəstəyini, tibbi və qida yardımlarını əsirgəməmişik. Bunlar strateji əhəmiyyət daşıyır. Rusiya Ukraynanın strateji elektrik obyektlərini hədəfə aldığı dövrdə Azərbaycan transformatorlar, generatorlar göndərdi. Faktiki olaraq Ukraynanın yanında yer aldı ki, ölkə qaranlığa qərq olmasın, infrastrukturu çökməsin”.

Turab Rzayev: Dövlətimizin Ukrayna məsələsində köklü duruşu heç vaxt dəyişməyib

Müsahibimiz qeyd edib ki, bəzi hallarda bu, iqtisadi əməkdaşlıq mahiyyəti daşıyır. Reallıqda isə Ukraynanın düşdüyü vəziyyətdən onu xilas etmək məqsədi güdür.

“Dövlətimizin Ukrayna məsələsində köklü duruşu heç vaxt dəyişməyib. Rusiya ilə münasibətlərimizdən asılı olmadan Ukraynaya dost əlimizi uzatmışıq. Azərbaycan əhalisinin könüllü yardımlarını da nəzərə almaq lazımdır", - deyə Turab Rzayev bildirib.

Qeyd edək ki, oktyabrın 2-də Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə görüşüb.

Ukrayna prezidenti Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə dövlət başçısına təbriklərini çatdırıb. Təbriklərə görə minnətdarlığını bildirən İlham Əliyev sülh gündəliyinin irəliyə aparılması istiqamətində atılmış addımların tarixi əhəmiyyət kəsb etdiyini deyib. Dövlət başçısı regionda davamlı sülhün təmin olunması üçün Azərbaycanın bundan sonra da səylərini davam etdirəcəyini vurğulayıb.

Görüşdə Azərbaycanın Ukraynaya humanitar dəstəyi, xüsusilə də ukraynalı uşaqlara göstərilən diqqət və qayğı qeyd olunub. Ukrayna tərəfi buna görə təşəkkürünü bildirib. Söhbət zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Onu da bildirək ki, prezident İlham Əliyevin Kopenhagendə keçirdiyi görüşlər qarşı tərəfin müraciətləri əsasında baş tutur. Şübhəsiz, bu amil dövlət başçısının Avropada yüksək nüfuzunun, ona göstərilən böyük hörmətin, eləcə də ölkəmizin müsbət imicinin, ona verilən xüsusi dəyərin və olduqca pozitiv münasibətin göstəricisidir.

Aydın Baxış


SON XƏBƏRLƏR