Türkiyənin Bolu vilayətində "Kartalkaya" xizək kurortunda yerləşən "Grand Kartal" hotelində xeyli sayda insanın ölümü ilə nəticələnmiş yanğınla bağlı keçirilən məhkəmənin növbəti iclası baş tutub.
Bakıvaxtı.az bu barədə "Haber Global" telekanalına istinadla xəbər verir.
Bildirilir ki, iddiaçının vəkilinin tələbi əsasında müttəhim qismində dindirilən hotelin sahibi Halit Ergülün kürəkəni və hotelin baş direktoru Emir Arasın yanğın baş verdiyi gün 7-ci mərtəbənin təhlükəsizlik kamera görüntülərinə baxılıb.
Kadrlardan görünüb ki, hotelin baş direktoru otağından çıxaraq dəhlizin sonuna qədər gedib, daha sonra otağına qayıdıb, həyat yoldaşı Elif Aras da qapıdan dəhlizə baxıb, bir müddət sonra Emir Aras həyat yoldaşı və uşaqları ilə cəld otaqdan çıxıb dəhlizdən pilləkənlərə tərəf qaçıb.
Emir və Elif Aras qaçarkən heç bir otağın qapısını döyməyiblər və heç kimi oyatmağa cəhd etməyiblər, bu da iddiaçıların və onların vəkillərinin narazılığına səbəb olub.
Xatırladaq ki, 2025-ci il yanvarın 21-də baş vermis yanğında 78 nəfər ölüb, 133 nəfər yaralanıb. /Oxu.Az