• Bakı 15° C

    14.87 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul etdi - FOTOLAR

SİYASƏT

29 Oktyabr 2025 | 19:01

İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudeanı qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, qonaq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, bu xüsusda Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması münasibətilə dövlətimizin başçısını təbrik etdi, bunun bütün regionda sülhün təmin olunmasına və inkişafa xidmət edəcəyinə ümidvarlığını bildirdi.

Mirça Abrudean bu gün Bakıda Milli Məclisin xətti ilə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirakdan məmnunluğunu ifadə etdi, bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu dedi.

Azərbaycan ilə Rumıniyanın dost və tərəfdaş ölkələr olduğunu vurğulayan qonaq əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu vurğuladı. Senatın sədri ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin, həmçinin beynəlxalq parlament təsisatlarında əməkdaşlığın önəmini qeyd etdi.

Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı məsələdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi roluna toxundu, bu istiqamətdə əldə olunmuş nailiyyətlərin bütün region üçün tarixi əhəmiyyət kəsb etdiyini dedi.

Söhbət zamanı Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın iştirakı ilə Buxarestdə Xəzər dənizinin dibi ilə elektrik kabel xəttinin tikilməsi layihəsinin önəmi vurğulandı, bunun ölkəmizin və Mərkəzi Asiya regionu dövlətlərinin bərpaolunan enerji resurslarının Avropa bazarlarına çıxarılması baxımından əhəmiyyətinə toxunuldu.

Görüşdə Azərbaycanla Rumıniya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.


SON XƏBƏRLƏR