“Azərbaycan prezidenti İlham Əliyevin Orta Asiya səfəri siyasi, iqtisadi və mədəni əhəmiyyətə malik olmaqla həm çox səmərəli və faydalı olub”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Məlahət İbrahimqızı bildirib.
İlham Əliyevin Qırğızıstandakı dövlət səfəri başa çatdıqdan sonra Qazaxıstana işgüzar səfərə getdiyini deyən deputatın sözlərinə görə, bu səfərdə dövlətimizi başçısı bir sıra mühüm ikitərəfli görüşlərdə iştirak edib: “Səfərin ilk günü İlham Əliyev Rusiya Federasiyasının, Pakistanın, İranın və Qazaxstanın prezidentləri ilə görüşüb və Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında iştirak edib”.
Deputat qeyd edib ki, zirvədə çıxış edən İlham Əliyev tədbir iştirakçılarına çox mühüm mesajlar çatdırıb: “O, nüfuzlu beynəlxalq təşkilatların 30 il Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına göz yumduqlarını vurğulayaraq, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən təcili və qeyri-şərtsiz çıxmaları haqqında 4 qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistanın bu qətnamələri icra etməməsinin,yeni ərazilər işğal edəcəyi barədə iddialar irəli sürməsinin qəbuledilməz olduğunu bildirib. O, çıxışında 30 ilə yaxın davam edən işğal müddətində ermənilərin Azərbaycanın şəhər və kəndlərini viran qoymasına,tarixi, mədəni, dini abidələrinin dağıdılmasına və təhqir edilməsinə beynəlxalq təşkilatların susqunluğunun anlaşılmaz olduğunu qeyd edib”.
M.İbrahimqızı bildirib ki, təcavüzkar Ermənistanın azğınlaşması və günbəgün artan hərbi təxribatlarının qarşısını almaq məqsədilə 2020-ci ildə Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etdi. Zirvədəki çıxışda Prezident müharibə bitəndən dərhal sonra işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən möhtəşəm quruculuq və bərpa işləri haqqında da məlumat verdi. O, “Böyük Qayıdış” proqramının icrasına başlanması, keçmiş məcburi köçkünlərin öz yurd yerlərinə qayıtmaları prosesinin həyata keçirilməsini vurğulayaraq, müharibənin başa çatmasına baxmayaraq, Ermənistanın hələ də revanşist hərəkətlərindən əl çəkməməsini və bunun yolverilməz olduğunu bildirib”. M.İbrahimqızının sözlərinə görə, ölkə başçımızın qeyd etdiyi kimi, baş vermiş bu hərbi təxribata görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır: “Ermənistanın 30 illik işğalı zamanı şəhər və kəndlərimizi dağıtmaqlarına, misli görünməmiş vəhşiliklər törətmələrinə baxmayaraq, Azərbaycan dövləti Ermənistana bir-birinin ərazi bütövlüyünün və suverenliyini tanımağa, sülh müqaviləsi imzalamağı təklif edir. Bu, bütün dünyaya Azərbaycan dövlətinin, Azərbaycan xalqının nə qədər humanist və sülhsevər olduğunu nümayiş etdirir. İqtisadi cəhətdən güclü bir dövlət olaraq, Azərbaycan öz ərazisində beynəlxalq əhəmiyyətli layihələr həyata keçirir. Azərbaycan şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizinin inkişafına böyük töhfə verir. Azərbaycan Orta Dəhlizin əsas və önəmli hissəsini təşkil edən Zəngəzur dəhlizinin yaradılmasını fəal şəklində dəstəkləyir. Zəngəzur dəhlizi region dövlətləri ilə yanaşı dünya ölkələrinin iqtisadi inkişafı üçün çox önəmlidir. Azərbaycan 2019-cu ildən BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzlu artıb”.
Deputat bildirib ki, təşkilatın nüfuzunun daha da dayanıqlı olması və dünya siyasətində söz sahibinə çevrilməsi üçün Azərbaycan böyük səylər göstərir: “Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və gənclər təşkilatı yaranıb. Üzv dövlətlərin yekdil qərarı ilə Qoşulmama Hərəkatına verdiyi böyük töhfələrə görə Azərbaycanın quruma sədrliyi 2023-cü ilin sonuna qədər uzadılıb. İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq təşkilatlarda olduğu kimi, Astanada keçirilən Zirvə Toplantısında da Azərbaycan dövlətinin, Azərbaycan xalqının milli maraqlarına xidmət edən fəaliyyəti ilə yaddaşlarda qalacaq. Bildiyimiz kimi, prezident Astanadakı işğüzar səfəri çərçivəsində MDB Dövlət Başçıları Şurasının növbəti iclasında da iştirak edib. O, iclasında əsas çıxışını etdikdən sonra bugünlərdə Fransa Prezidentinin “France 2” telekanalının efirində ölkəmizə qarşı səsləndirdiyi qərəzli və böhtan xarakterli bəyanatlara, Azərbaycana qarşı yönələn, daha çox daxili auditoriyaya hesablanmış, tamamilə birtərəfli və açıq şəkildə Ermənistanı müdafiə edən fikirlərinə də kəskin münasibət bildirib və Avropanın nüfuzlu ölkələrindən birinin prezidentinin bu davranışının qəbuledilməz olduğunu qeyd edib. İlham Əliyev Makronun bu açıqlamasını onun seçki kampaniyasının erməni lobbisi tərəfindən maliyələşdirilməsindən və növbəti erməni sifarişindən qaynaqlanması kimi qiymətləndirilməlidir. O, Fransa Prezidenti ermənidən daha çox erməni olan Emmanuel Makronun Minsk Qrupunun həmsədri olmasına rəğmən Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal atında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, beynəlxalq hüququn fundamental prinsiplərini, Azərbaycanın ərazi bütövlüyünü və yüz minlərlə azərbaycanlının hüquqlarını kobud şəkildə pozması, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməsi barədə indiyədək bir kəlmə də olsun söz deməyən bir ölkənin prezidenti olduğunu nəzərə alsaq, onun son bəyanatları da təəccüb doğurmamalıdır”.
Onun sözlərinə görə, təəccüb doğuran odur ki, Makronun Brüsseldə və Praqada keçirilən mühüm danışıqlarda iştirakına razılıq verilməsindən sonra onun ədalətli və tərəfsiz mövqe tutacağına ümid yaradan davranış sərgiləməsi idi: “Fransa prezidentinin son bəyanatları bir daha işğalçı, terrorçu, yalançı və riyakar Ermənistana layiq bir qəyyum olduğunu öz çıxışı ilə təsdiq etdi. Fransa Prezidentinin bir həftə ərzində öz rəyini və baxışlarını belə kəskin şəkildə dəyişə bilməsi onun siyasi iradəsizliyindən və prinsipsizliyindən xəbər verir. Bu mənada Azərbaycan Prezidenti cənab İlham Əliyevin Makronun bu bəyanatlarından sonra Fransanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında hər hansı rol almasının mümkünsüzlüyü barədə bəyanatı gözlənilən idi və dövlət başçımızın bu bəyanatı birmənalı olaraq Azərbaycan xalqının iradəsini ifadə edir. Yekun olaraq qeyd etmək istərdim ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının növbəti iclasındakı çıxışı ilə həm də Fransa Prezidentinə ədəb dərsi vermiş oldu”.
Nuranə Daxilqızı
















