Rusiya-Ukrayna müharibəsi başlayandan ölkə rəhbərləri Vladimir Putinlə Volodimir Zelenski arasında danışıqlar prosesinə nikbin yanaşılırdısa, Buça qəsəbəsindəki kütləvi qətliamdan sonra vəziyyət bir qədər dəyişilib. Hətta Ukrayna Prezidenti bildirib ki, ola bilər, belə bir görüş baş tutmasın.
Son proseslər haqqında Bakıvaxtı.az-a danışan siyasi şərhçi Şahin Cəfərli bildirib ki, nümayəndə heyətinin İstanbul görüşündə Ukrayna tərəfi sülh razılaşmasına dair təkliflərini Rusiya tərəfinə təqdim etmişdi. Görüşdən sonra da bu təkliflərin bəziləri mediaya açıqlanmışdı: “Bu barədə həm Rusiya, həm də Ukraynada ictimai müzakirələr başlamışdı. Hətta Ukrayna tərəfindən belə bir açıqlama da verildi ki, artıq prezidentlərin görüşü mümkündür və bunun üçün hazırlıq son mərhələyə çatıb”.
Onun sözlərinə görə, bu cür optimist açıqlamalar Kiyev vilayətinin Buça qəsəbəsindəki kütləvi qətliam aşkarlanana qədər yayılırdı. Siyasi şərhçi hesab edir ki, bu qətliam aşkar olunduqdan sonra vəziyyət bir qədər dəyişib.
Ş.Cəfərli qeyd edib kli, son iki gündə Ukrayna tərəfində müəyyən tərəddüdlər hiss edilir: “İstər Rusiya ilə sülh anlaşmasının prespektivləri, istərsə də Putin, Zelenski görüşü ilə bağlı optimizmin azaldığını müşahidə edirik. Elə prezident Zelenski də bildirib ki, ola bilər, bu görüş baş tutmasın. Həqiqətən də, bu cür kütləvi qətliamların üzə çıxmasından sonra Ukrayna üçün bu görüşün baş tutması, ən azından, mənəvi-psixoloji baxımdan çox çətindir. Yəni, sən bir tərəfdən Rusiyanı açıq düşmən adlandırırsan (bu, doğrudur, Rusiya Ukraynaya hücum edib), Rusiyanı insanlığa qarşı soyqırımıda ittiham edirsən, amma o biri tərəfdən də gedib bir masada əyləşib, əl uzadıb görüşmək, salamlaşmaq istəyirsən. Bunların ikisi arasında çox ciddi bir ziddiyyət var. Açığı, belə bir vəziyyətdə mən də yaxın vaxtlarda bir sülh anlaşmasının baş tuta biləcəyinə şübhə edirəm. Həm də ona görə ki, Rusiya da bu mərhələdə sülhdə maraqlı deyil. Rusiyaya ciddi bir hərbi qələbə lazımdır ki, masaya oturanda Ukrayna tərəfini ciddi güzəştlərə məcbur edə bilsin”. Politoloq vurğulayıb ki, hazırkı vəziyyətdə Ukraynanın gedə biləcəyi güzəştlər Rusiya üçün yetərli deyil: “Rusiya Ukraynadan daha ciddi güzəştlər tələb edirdi. Bu baxımdan, Ukraynanı öz mövqeyindən geri döndürmək və Rusiyanın maraqlarına daha uyğun bir sülhə məcbur etmək üçün Rusiyaya ciddi bir hərbi qələbə lazımdır. Ona görə də, mən cəbhə xəttindəki mövcud durumda Rusiyanın özünə sərf edən bir sülh əldə edəcəyinə inanmıram. Rusiyanın özü də buna inanmır”.
Onun sözlərinə görə, hazırda Rusiyanın əsas məqsədi Donbass regionunda Ukrayna qüvvələrini mühazirəyə almaqla məğlub etmək və Dombassın bütün inzibati sərhədlərinə çıxmaq, regionu tamamilə öz nəzarəti altına almaqdır. Ş.Cəfərli bildirib ki, hərbi qələbədən sonra Rusiya danışıqlarda və sülhdə daha maraqlı olacaq. Rusiya öz maraqlarına uyğun sülh müqaviləsinin imzalanmasına nail ola bilər: “Ona görə, bugünkü vəziyyətdə sülh əldə olunması ehtimalının çox zəif olduğunu düşünürəm”.
Aytac Aslan
















