"Daxili İşlər Nazirliyi tərəfindən istifadəyə verilən “E-polis” mobil tətbiqinin əsas məqsədi polis-vətəndaş münasibətlərində səffaflığın, operativliyin artırılması və vətəndaş yönümlü xidmətlərin təkmilləşdirilməsidir. Yəni vətəndaşlar əlavə vaxt sərf etmədən, heç bir yerə getmədən onlayn formada polisin rəqəmsallaşan xidmətlərindən istifadə edə bilərlər".
Bakıvaxtı.az trend-ə istinadən xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov deyib.
O bildirib ki, mobil tətbiq özündə bir çox xidmətləri birləşdirir.
“Tətbiq vasitəsilə vətəndaşlarımız məhkumluq, nəqliyyat vasitəsinin zədələnməsi, axtarışda olması və yüklü olması, icbari sığorta və vətəndaşın olduğu yer üzrə arayışlar üçün müraciət edə, həmçinin onları rəqəmsal formada əldə edə bilərlər. Bununla yanaşı “E-polis” mobil tətbiqində sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, arayışlar və etibarnamələr kimi bölmələr də vətəndaşlarımızın xidmətindədir.
Vətəndaşlarımızın işini daha da rahatlaşdırmaq üçün xidmətin digər sahələri üzrə də rəqəmsallaşma prosesi nəzərdə tutulub. Polisə olan inamın göstəricilərindən biri də “E-polis” mobil tətbiqinin istifadəyə verilməsindən qısa zaman keçməsinə baxmayaraq, indiyədək tətbiqdə qeydiyyatdan keçmiş ümumi istifadəçi sayı 420 097 nəfər təşkil edib”, - deyə E.İbrahimov vurğulayıb.