Azərbaycan 70 ölkəyə vizasız səyahət imkanı ilə 67-ci yerdə qərarlaşıb.
Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bu, "Henley Passport Index"in 2025-ci il reytinqində yer alıb.
Bildirilib ki, Gürcüstan pasportu regionda ən güclü seçilib. Gürcüstan pasportu ilə 122 ölkəyə vizasız səyahət mümkündür. Bu göstərici sayəsində ölkə son yeniləmə ilə reytinqdə iki pillə irəliləyərək 42-ci yerə yüksəlib.
Pasportun gücünə görə Gürcüstanı Türkiyə və Rusiya izləyir. Bu ölkələr 114 ölkəyə vizasız giriş imkanı ilə 45-ci yeri bölüşürlər.
Qeyd edək ki, "Henley Passport Index" reytinqi vətəndaşların hansı ölkələrə vizasız səyahət edə biləcəyini müəyyən edir. Reytinq Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatlarına əsaslanır və ümumilikdə 199 pasportu və 227 ölkəni əhatə edir.
Gülşən Şərif