Leysan xarakterli yağış nəticəsində Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən çaya sel gəlməsi səbəbilə xəsarət alan 3 nəfər şəxs (kişi cinsli) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, onlardan 1992-ci il təvəllüdlü və 1982-ci il təvəllüdlü şəxslər boğulma, hipotermiya, travmatik şok, hipoksik ensefalopatiya, bədənin müxtəlif nahiyələrinin travmatik zədələnmələri və sıyrılmış yaralar diqanozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicə alır.
1988-ci il təvəllüdlü şəxs isə boğulma, hər iki baldırın sıyrılmış yarası diaqnozu ilə Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Aparılan zəruri tibbi yardımdan sonra pasiyentlərin vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, Ağsuda yol-təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar. Çaya gələn güclü sel ekskavatoru aşırıb. Ekskavatorda olan 4 nəfərdən biri hadisə yerində ölüb. Digər 3 nəfər isə xəsarət alıb.
Mina Mikayılova