Səməni Novruz bayramının ən mühüm rəmzlərindən biridir və bolluq, bərəkət, yeni həyatın başlanğıcı kimi qəbul edilir. Ənənəyə görə, bayrama bir neçə həftə qalmış buğda isladılaraq cücərdilir və xüsusi qayğı ilə saxlanılır. Səmənidən hazırlanan müxtəlif qidalar, xüsusilə də səməni halvası, sağlamlıq üçün olduqca faydalıdır. O, vitamin və minerallarla zəngindir, enerji verir və immun sistemini gücləndirir.
Bakıvaxtı.az xəbər verir ki, əsrlərdir ki, Azərbaycan evlərində Novruz süfrəsinin ayrılmaz hissəsi olan bu şirniyyat bolluq və bərəkətin rəmzi hesab olunur.
Səməni halvasının hazırlanması üçün ilk növbədə səməni cücərdilir. Bunun üçün buğda yuyulur və 7-10 gün ərzində su ilə nəmləndirilərək cücərməyə qoyulur. Cücərtilər müəyyən ölçüyə çatdıqdan sonra yaxşıca əzilir və şirəsi sıxılır. Alınan səməni şirəsinə un əlavə edilərək qarışdırılır və kütlə qaynamağa qoyulur. Daha sonra qarışığa ərinmiş yağ, şəkər və ya bal əlavə edilir. Halva davamlı qarışdırılaraq qatılaşdırılır və hazır olduqda xüsusi formalara tökülərək soyudulur. Azərbaycanın bir çox bölgələrində səməni halvası fərqli üsullarla hazırlanır. Bəzi yerlərdə ona qoz, fındıq və ya darçın əlavə edilir ki, bu da halvanın dadına xüsusi çalar qatır.
Qida mütəxəssislərinin fikrincə, səməni halvası təkcə dadlı şirniyyat deyil, həm də sağlamlıq üçün olduqca faydalıdır:
Enerji mənbəyi: Təbii şəkərlər və vitaminlərlə zəngin olan səməni halvası bədəni enerji ilə təmin edir.
İmmuniteti gücləndirir: Səməni cücərtiləri antioksidantlarla zəngindir və immun sistemini gücləndirir.
Həzm sisteminə faydalıdır: Təbii liflər sayəsində mədə-bağırsaq fəaliyyətini tənzimləyir.
Dərinin və saçın sağlamlığını qoruyur: B qrupu vitaminləri və minerallar sayəsində dəri və saçların sağlam qalmasına kömək edir.
Qan dövranını yaxşılaşdırır: Səməni halvası tərkibindəki dəmir və digər minerallar sayəsində qanın tərkibini yaxşılaşdırır və qanazlığı riskini azaldır.
Novruz bayramına sayılı günlər qaldıqca, insanların halva hazırlığına başlaması süfrələrin bərəkətini və bayram ovqatını daha da artırır. Səməni halvası həm bayramın rəmzi, həm də sağlamlığın açarı kimi süfrələrdə öz yerini tutur.
Nuriyyə Musayeva