Zəngəzur dəhlizinin açılması məsələsi Cənubi Qafqazda geosiyasi və iqtisadi maraqların toqquşma nöqtəsinə çevrilib.
Bu dəhliz vasitəsilə Azərbaycan Naxçıvanla birbaşa əlaqə quraraq Türkiyə ilə nəqliyyat və ticarət xətlərini gücləndirməyi planlaşdırır. Lakin İran bu dəhlizin reallaşmasına qarşı çıxır.
Bakıvaxtı.az xəbər verir ki, İranın mövqeyi sadəcə iqtisadi deyil, həm də strateji və geosiyasi amillərlə bağlıdır. Bu məqsədlə İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəbləri təhlil edilərək, bu məsələnin regiondakı güc tarazlığına və maraqlara necə təsir göstərəcəyini araşdırdıq.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin VI çağırış deputatı Arzu Nağıyev bildirib ki, İranın Zəngəzur dəhlizinə qarşı çıxması, onun regiondakı mövqelərini qorumaq istəyindən qaynaqlanır.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini təmin edəcək və Türkiyə ilə daha yaxın əlaqələri gücləndirəcək. Bu isə Türkiyənin Cənubi Qafqazda daha aktiv olmasına şərait yaradacaq və İranın maraqlarına zidd gedəcək:
“İran Türkiyə ilə regionda rəqabət aparır və dəhlizin açılması onun Cənubi Qafqazdakı strateji üstünlüyünü zəiflədə bilər. İran həm də Ermənistanla yaxşı münasibətlər qurmağa çalışır. Ermənistan İran üçün təkcə bir qonşu dövlət deyil, həm də sanksiyalar altında olan Tehranın iqtisadi baxımdan Avrasiya iqtisadi bazarlarına çıxışını təmin edən mühüm tərəfdaşdır. Zəngəzur dəhlizinin açılması İran-Ermənistan iqtisadi əlaqələrini zəiflədə bilər, çünki bu dəhliz vasitəsilə yeni iqtisadi ticarət yolları formalaşa bilər".
A.Nağıyev qeyd edib ki, İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının ən mühüm səbəblərindən biri onun öz təhlükəsizlik strategiyası ilə bağlıdır:
"Dəhlizin açılması İranın Ermənistan üzərindən Qafqaz və Rusiya ilə olan əlaqələrini zəiflədə bilər. İran bu dəhlizin fəaliyyətə başlaması ilə öz tranzit yolunun alternativsiz olma statusunu itirəcək və bu onun strateji maraqlarına zərbə vuracaq. Rəsmi Tehran Zəngəzur bölgəsini strateji əhəmiyyətli bir nöqtə kimi görür, çünki bu bölgə onun üçün həm Ermənistan, həm də Cənubi Qafqazla əlaqə yollarını təmsil edir. Zəngəzur dəhlizi vasitəsilə İranın Cənubi Qafqazdakı təsir dairəsi zəifləyəcək və bu İranın regiondakı təhlükəsizlik strategiyasına ciddi təhlükə yaradacaq".
Arzu Nağıyev: Dəhliz yeni iqtisadi ticarət yolları formalaşdıra bilər
İranın iqtisadi maraqlarının da Zəngəzur dəhlizinə qarşı çıxmasında böyük rol oynadığını deyən həmsöhbətimiz diqqətə çatdırıb ki, hazırda İran Azərbaycan və Ermənistanla olan nəqliyyat yollarından istifadə edərək regionda öz mövqelərini qoruyur və bu yollar vasitəsilə müxtəlif iqtisadi qazanc əldə edir. Onun sözlərinə görə, Zəngəzur dəhlizi açıldıqda, İran bu nəqliyyat yollarında öz üstün mövqeyini itirə bilər və regionda daha az iqtisadi təsirə malik ola bilər.
Müsahibimiz regiondakı güc tarazlığından da söz açıb. Qeyd edib ki, İranın Zəngəzur dəhlizinə qarşı çıxması həm də regionda güc tarazlığının dəyişməsindən qaynaqlanır:
"Bu dəhliz Rusiyanın da maraqlarına uyğundur və Azərbaycanla Türkiyənin hərbi və iqtisadi əməkdaşlığını gücləndirəcək. Nəticədə, İranın regiondakı ənənəvi təsir dairəsi daha da zəifləyə bilər. Bundan əlavə, Zəngəzur dəhlizi vasitəsilə regionda Avropa və Qərb təsirinin artması da İranın narahatlıqlarını artırır. Bu, İranın Qərblə olan qarşıdurması fonunda onun daha da təcrid oluna biləcəyi deməkdir".
Nəticə etibarilə belə qənaətə gəlmək olar ki, İranın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmasının səbəbləri mürəkkəb geosiyasi və iqtisadi maraqlarla bağlıdır. Bu dəhlizin açılması Türkiyə və Azərbaycanın regionda daha güclü mövqeyə sahib olmasına, İranın isə təsir dairəsinin zəifləməsinə səbəb ola bilər. Eyni zamanda, bu layihə İranın iqtisadi maraqlarına zərbə vura bilər, çünki o, regiondakı əsas nəqliyyat və tranzit yolları üzərindəki üstünlüyünü itirə bilər. İran bu səbəblərdən dolayı Zəngəzur dəhlizinin açılmasına ehtiyatla yanaşır və bu məsələdə öz maraqlarını qorumağa çalışır.
Əli Hüseynov