• Bakı 22° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib - FOTO

CƏMİYYƏT

18 Iyun 2025 | 15:40

Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib - FOTO

Bu gün Bakıda Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunan “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə öncə Məhkəmə-Hüquq Şurasının fəaliyyəti ilə bağlı qısametrajlı sənədli film nümayiş etdirilib.

    Konfransı giriş nitqi ilə açan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Şuranın qurumun təsis edilməsinin ədalət mühakiməsinin keyfiyyətli həyata keçirilməsinə mühüm töhfə verdiyini qeyd edib.

    Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil məhkəmə sisteminin formalaşması və inkişafı istiqamətində həyata keçirilən islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

    Yeni islahatlar çərçivəsində məhkəmə hakimiyyətinin müstəqilliyi gücləndirilib, Məhkəmə-Hüquq Şurasının statusu və tərkibi beynəlxalq standartlara uyğunlaşdırılıb. Həmçinin hakimlərin seçimi, təyinatı və vəzifədə irəli çəkilməsi sahəsində şəffaflıq və çeviklik prinsipləri əsasında mühüm yeniliklər həyata keçirilib. Məhkəmə islahatlarının davamlılığı, hakimlərin peşəkarlığının artırılması və rəqəmsal transformasiyanın genişləndirilməsinin gələcək fəaliyyətin əsas prioritetlərini təşkil etdiyi vurğulanıb.

    Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxışında bildirib ki, 2005-ci ildə Məhkəmə-Hüquq Şurasının formalaşdırılması ilə ölkədə məhkəmə hakimiyyətinin inkişafı, onun idarə olunmasının institusional əsaslar üzərində qurulması yeni mərhələyə qədəm qoyub. Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin davam etdirdiyi geniş hüquq islahatları çərçivəsində Məhkəmə-Hüquq Şurasının fəaliyyəti daha da gücləndirilib, məhkəmə sistemində səmərəli tənzimləmə mexanizmləri tətbiq olunub.

    Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov qeyd edib ki, 20 il ərzində Məhkəmə-Hüquq Şurası uğurlu və şərəfli yol keçib. Şura və onun əməkdaşlarının gərgin fəaliyyəti nəticəsində Azərbaycanda müasir, savadlı və vicdanlı hakim korpusu formalaşdırılıb.

    Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidze isə çıxışında Gürcüstan məhkəmə sistemi adından təbriklərini çatdıraraq qeyd edib ki, Məhkəmə-Hüquq Şurasının yaradılması Azərbaycanın hüquqi islahatlar tarixində mühüm mərhələ olub. Vurğulanıb ki, məhkəmə şuraları müstəqil qurumlar kimi məhkəmə sisteminin idarə olunmasında əsas rol oynayırlar.

    Konfransda Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə, həmçinin məhkəmə sahəsində islahatlara töhfə verdiyi görə Şuranın sabiq sədri, Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədov “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

    Daha sonra “Məhkəmə idarəetməsində qlobal çağırışlar və müasir beynəlxalq həllər”, “Hakim korpusunun komplektləşdirilməsi” və digər mövzularda panel müzakirələr təşkil edilib.


    SON XƏBƏRLƏR