Son 3 ildə Laçın rayonu azad olduğu dövrdən onun bərpasının birinci fazası başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi "Baku Build" və 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh – 2025") deyib.
Onun sözlərinə görə, bu dövr ərzində 3 yeni yaşayış məntəqəsi, 3 kəndimiz yenidən inşa edilərək istifadəyə verilib: "Bundan əlavə, Laçın ərazisində 30-dan artıq yeni müəssisələrin tikintisi başa çatıb, beynəlxalq hava limanı və hotel kompleksi istifadəyə verilib. Əlbəttə ki, bunlar qlobal layihələrin ancaq kiçik bir hissəsidir. Bizim gələcəklə gözlədiyimiz böyük su hövzələri, hansı ki həm iriqasiya sistemlərinə, yəni torpaqların suvarılmasında, həm də ki, böyük şəhərlərimizin içməli su ilə təchiz edilməsində olan layihələrdir".
Bundan əlavə, o qeyd edib ki, turizm sisteminin formalaşması istiqamətində atılan addımlar da var: "Bu, həm hotelin, eyni zamanda müasir kanat yolunun tikintisindən ibarətdir. Bütün bunlar gələcəkdə regionun turizm potensialını, eyni zamanda onun cəzbediciliyini artıra biləcək".
M. Məmmədovun fikrincə, Laçın həm beynəlxalq əməkdaşlıq, həm də mədəni dialoq mərkəzinə çevrilib: "Laçın 2025-ci ildə MDB məkanında Mədəniyyət paytaxtı statusunu alıb və bunu uğurla realizə edir: "Noyabr ayının sonunda biz, məhz böyük bir qala konsert tədbirlə onun bağlanış mərasımini keçirəcəyik".