"Azərbaycan sülh gündəliyinə sadiqdir və Qafqazda inkişaf və əməkdaşlığı dəstəkləyir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Vaşinqton Universitetində “Qazaxıstan və Azərbaycanda İnsan İnkişafı İnnovasiyaları üçün Resurslar” adlı mühazirə zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasət regionda təhlükəsizliyin güclənməsi üçün real əsaslar formalaşdırıb.
Deputat bildirib ki, sülh regiona təhlükəsizlik ilə yanaşı, daha sürətli iqtisadi inkişaf və yeni imkanlar da vəd edir. Zəngəzurun dəhlizinin istifadəyə verilməsi və kommunikasiyaların yenidən bərpası isə bu imkanları daha da gücləndirəcək.
Azərbaycanda sosial sahədə aparılan islahatlara gəldikdə isə, V.Bayramov qeyd edib ki, 2025-ci ildə Azərbaycan dövlət büdcəsindən sosial istiqamətə 16.9 milyard manat vəsaitin ayrılması həyata keçirilir:
"Gələn il sosial sferaya 17 milyard manatdan çox vəsait ayrılacaq. Adambaşına düşən sosial xərclər isə min dollara yaxındır. Hazırda ünvanlı sosial yardımdan 83 min ailə və ya 353 min ailə üzvü faydalanır. 600 mindən çox uşaq aktiv sosial proqramlar ilə dəstəklənir. 150 mindən çox uşaq isə birbaşa sosial müavinətlərdən faydalanır. Azərbaycanın artan maliyyə imkanları insan kapitalının inkişafı üçün daha geniş imkanlar yaradır".
Murad Məmmədli
Bakı 








